MƏDƏNİYYƏT

Moskvada beynəlxalq musiqi festivalı keçiriləcək

Beynəlxalq müsabiqələrin laureatları dünya şöhrətli musiqi əsərlərini ifa edəcəklər.
Sputnik
BAKI, 23 aprel — Sputnik. Aprelin 25-26-da Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) "Azərbaycan" pavilyonunda "Konsonans" adlı beynəlxalq musiqi festivalı keçiriləcək.
Bu ilin əvvəlindən başlayaraq, Qara Qarayev adına uşaq musiqi məktəbi layihədə iştirak üçün ərizə qəbulu elan edib.
Bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən olan 100-dən çox namizəd ərizə təqdim edib. Onlardan ən yaxşıları iki həftə ərzində çıxış etmək imkanı qazanacaqlar.
Tədbirin qonaqları XX-XXI əsrin bəstəkarlarının əsərlərini dinləyəcəklər. Festivalda Albenis, Debüssi, Fore, Martinu, Villa-Lobos, Skryabin, Raxmaninov, Prokofyev, Şostakoviç, Qaqa Qarayev, Şedrin, Slonimski və digər bəstəkarların əsərləri ifa olunacaq.
Məlumat üçün bildirək ki, Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan" pavilyonu 1939-cu ildə yaradılıb. Layihənin müəllifləri memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov olub.
Pavilyonun divarları mərmərlə işlənib, fasad milli naxışlar, qızılı rəngdə üzüm ornamentləri ilə, pəncərələr isə vitraj-şəbəkə ilə bəzədilib. Pavilyonun ekspozisiyası bir vaxtlar Azərbaycan SSR-in sənaye, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və məişət sahələrindəki nailiyyətlərini əhatə edirdi.
Vaxtı ilə digər sovet respublikalarının pavilyonları kimi "Azərbaycan" pavilyonunda da bir sıra dəyişiklər olmuş, 1966-cı ildə isə binanın fasadı metal üzlüklə bağlanmışdı və bununla da uzun illər memarlıq və funksionallıq baxımından öz rolunu itirmişdi.
Bina Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa olunub. 2019-cu il noyabrın 23-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva pavilyonun açılış mərasimində iştirak ediblər.
Moskva hökuməti keçmiş sovet respublikalarına milli pavilyonların bərpası təklifini irəli sürdükdən sonra 2017-cı ildə pavilyon rəsmi olaraq Azərbaycan tərəfinə təhvil verilib və burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işlərinə başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.