BAKI, 22 aprel — Sputnik. "WOLT" şirkəti daşınma xərcinə görə qiymətləri endirib. Son vaxtlaradək 1 kilometrə görə qiymət 1.60 AZN idisə, hazırda 1.50 AZN hesablanır. Bu məbləğ daha əvvəl 1.90 AZN idi. Zamanla qiymətlərin aşağı düşməsi ötən gün "WOLT"la bağlı etiraz aksiyasının keçirilməsinə səbəb olub.
Bunu "WOLT"da kuryer işləyən Məhəmməd Artunov deyib. O bildirib ki, əvvəllər şirkət sürücüləri həvəsləndirmək üçün müxtəlif kampaniyalar keçirirdi, lakin artıq bunu da etmirlər:
"Əvvəllər şikayətimiz olanda, araşdırırdılar, bir çarə tapırdılar. Lakin indi ümumiyyətlə, Azərbaycanda mənim kimi işçiləri saya-hesaba almırlar, tələblərimiz nəzərə alınmır. Bu, bizə qarşı hörmətsizlikdir".
Məhəmməd Artunov
© Courtesy of Mahammad Artunov
Məhəmməd deyir ki, aylıq 1000 manata yaxın qazancı olsa da, onun çox az bir qismi cibində qalır. Yəni gündəlik yemək, su və digər tələbatlarını güclə ödəyir. Ayda öz motosikletinin təmiri üçün 200 manata yaxın, bəzən də bundan daha artıq xərc çıxır. Motosikletin yağına görə aylıq 60 manat, benzinə görə də 120 manat xərcləyir. Bütün bunlar da azmış kimi, vergi və sığorta xərclərini də işçilərin özləri ödəməli olurlar. Daha çox işləmək isə onlara baha başa gəlir. Daha çox işləyən kuryer daha çox vergi və digər xərcləri ödəməli olur:
"Hazırda motosikletin arxa diski əyilib. Tək bu problemə görə mənim xərcim 120 manatdır. Bir neçə gün sonra motosikletin başqa bir problemi ortaya çıxa bilər. Bu da gözlənilməz xərclərin daha da artacağını deməyə əsas verir".
Onun sözlərinə görə, telefon danışığına, internet tarifinə görə xərclər də kuryerlərin özləri tərəfindən qarşılanır. Bu isə o deməkdir ki, kuryerlər qazandıqları vəsaitin 60 faizini məhz işlə əlaqədar müxtəlif xərclər üçün ödəməli olurlar. Təhlükəsizlik naminə onlar xüsusi geyim geyməli, kaska taxmalıdırlar. Məhəmməd Artunov deyir ki, təkcə normal kaskanın qiyməti 170-200 manatdan başlayır.
Eyni zamanda da "BOLT Food"da çalışanlar gündəlik təxminən 10 saat işləyirlər ki, bu da həftəlik təxminən 60 saat deməkdir.
Artunovun sözlərinə görə, qiymətlərin aşağı düşməsi problemi təkcə "WOLT"da deyil, "BOLT Food"da da müşahidə olunur. Belə aşağı faizlərlə işləmək onlara sərf eləmir.
"Məsələn, günə 25 sifariş olursa, bu, təxminən 10 manatdan bir az artıq qazanc deməkdir. Bu bizim motosikletin yağ pulunun bir hissəsidir. Bildiyim qədər, digər ölkələrdə kuryerlər vergilərdən azad olunurlar. Bizdə isə bunun tam əksidir", - deyə kuryer bildirir.
Məhəmməd motosikleti 2200 manata nağd şəkildə alıb. Odur ki, motosiklet üçün kredit ödəyən digər kuryerlərlə müqayisədə o, daha şanslıdır, ən azı bank borcunu ödəmir.
Etiraz zamanı
© Photo : Courtesy of Mahammad Artunov
Şirkət nə işə baxır?
Məhəmməd bildirir ki, yalnız ölüm halı olarsa, şirkət 20 min manat civarında kompensasiya ödəyir, əlilliyə görə də müxtəlif miqdarda pul köçürülür. İşçilər sifariş götürmək istəmədikdə "offline" rejimdə olurlar. Bir saatdan daha çox müddətdə işçi "offline" olanda, hansısa qəza baş verəndə şirkət tərəfindən bu sığorta xərcləri qarşılanmır.
O bildirir ki, şirkətin Bakı nümayəndəliyi müştəri ilə kuryer arasında yaranan problemləri həll etsə də, kuryerlər tərəfindən ünvanlanan şikayətlərin aradan qaldırılması istiqamətində hansısa addım atılmır:
"Şirkət artıq 30-dan çox ölkədə fəaliyyət göstərir deyə müraciətlərin cavablandırılması da gecikir. Lakin ötəngünkü etirazdan sonra 5 işçi ilə görüş keçirilib və bildirilib ki, Ramazan bayramından sonra qiymətlərlə bağlı bir tədbir görüləcək".
Kuryer sayının artması da qazanclara mane olur
Digər əsas problem təkliflərlə müqayisədə kuryer sayının çox olmasıdır. Belə olan halda bir kuryerə düşən müştəri sayı azalmış olur:
"Qarşıdan isti ayların gəldiyini nəzərə alsaq, deyə bilərik ki, qış ayları ilə müqayisədə yayda sifarişlər daha az olacaq. Qışda elədir ki, hava soyuq olduğundan əksəriyyət evdən çıxmamağa üstünlük verir. Yayda isə hamı gəzintiyə çıxır, istirahət edir və istədiyi yerdə oturaraq yeyir".
O, yaxın sifarişlərin kuryerlər üçün münasib olmadığını da bildirir.
Kuryerlərin iş rejimləri kifayət qədər ağırdır. Qazanclarının təxminən 60 faizi, bəzən də daha çoxunu kuryerlik fəaliyyətini davam etdirmək üçün çıxan müxtəlif məsrəfləri ödəməyə xərcləyirlər. Yayda və qışda isə istirahət üçün konkret dayanacaq nöqtələri yoxdur. Kuryerlər onlar üçün müəyyən güzəştlərin olmasını tələb edir, ən azı vergilərdən azad olunmaqla qazanclarının bir hissəsinin ciblərində qalacağını düşünürlər.
"WOLT"da iş rejimi necədir?
İşçilər şirkətdə qeydiyyatdan keçdikdən sonra fəaliyyətə başlayırlar. İş saatları, ərazi, ünvanlar, həftənin günləri işçinin öz istəyinə görə seçilir. Burada həftəlik iş saatları 0-40+ arasında dəyişir. Kuryerlər istəylərinə uyğun olaraq bəzən həftədə 60 saat işləyirlər.
Wolt nədir?
Wolt mərkəzi Helsinkidə yerləşən qida çatdırılma platformasıdır. 2015-ci ilin yayında Finlandiyanın Helsinki şəhərində on restoranla birlikdə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı yeddi il ərzində 23 ölkə və 250-dən çox şəhərdə fəaliyyət göstərir.
Şirkətin yüz mindən çox kuryer tərəfdaşı, həmçinin on minlərlə restoran və pərakəndə partnyorla birlikdə milyonlarla müştəriyə xidmət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.