BAKI, 22 aprel — Sputnik. Bakıda "Gənc İstedadlar" Liseyində təhsil alan 11-ci sinif şagirdi Vaqif Məmmədov qəfil vəfat edib.
"Gənc İstedadlar Liseyi"nin tədris işləri üzrə direktor müavini Rəfiyyə Cəbrayılova məlumatı təsdiqləyib. O bildirib ki, məktəblinin ailəsi bu gün səhər saatlarında Təcili Tibbi Yardım Xidməti ilə əlaqə saxlayıb. Lakin təcili yardım ünvana vaxtında yetişmədiyi üçün onlar özləri övladlarını avtomobilə qoyaraq xəstəxanaya aparıblar:
"Onların yaşadıqları ev Sulutəpə qəsəbəsində yerləşir. Vaqif səhər tezdən "boğuluram, boğuluram" deyərək eyvana çıxıb. Ailə təcili yardımdan kömək istəsə də, onun gecikdiyini görərək uşağı xəstəxanaya özləri aparıblar, Vaqif elə yolda ikən dünyasını dəyişib. Xəstəxanada ölüm səbəbi kimi "ürək tutması" diaqnozu göstərilib".
Direktor müavininin sözlərinə görə, Vaqif bundan bir neçə ay öncə valideynlərinə ürəyinin ağrıdığını, sıxıldığını deyib. Valideynləri də onu həkimə aparıb yoxladıblar. Həkim onun ürəyində hər hansı probleminin olmadığını söyləyib.
"Altı ay əvvəl məktəbimizin fizika müəllimi dünyasını dəyişmişdi. Vaqif o müəllimlə yarışlara hazırlaşırdı. Uşaq bu xəbərdən sonra çox həyəcan keçirirdi", - deyə direktor müavini bildirib.
Onun sözlərinə görə, dünyasını dəyişən Vaqif Məmmədov iki dəfə "SABAH-ın alimi" beynəlxalq müsabiqəsinin qalibi olub. O, 1-ci ixtisas qrupu üzrə ali məktəbə hazırlaşırdı, İT sahəsində təhsili almağı planlaşdırırdı. Bilik yarışlarında həmişə yüksək nəticə göstərirdi:
"Əksər nəticələri yüksək olsa da, buraxılış imtahanındakı nəticələri özü üçün ürəkaçan deyildi. Buraxılış imtahanında 60 bal yığmışdı. Sinif yoldaşları deyirdi ki, buna görə çox pis olmuşdu. Onların sözlərinə görə, Vaqif 70-dən aşağı bal topladığı üçün medal ala bilməyəcəyini deyirdi. Lakin ailədə və məktəbdə buna görə heç kəs ona irad bildirməyib. Anası da ona deyib ki, "canın sağ olsun, heç nə olmaz"".
Direktor müavini tərbiyəsinə görə də Vaqifin hər kəsə örnək olduğunu deyib: "Bu illər ərzində bir dəfə də olsun ona irad tutulmayıb".
O qeyd edib ki, bir ay öncə Vaqif Məmmədovun doğum günü olub. Məktəbdən bildirilir ki, o, "Son Zəng"ə xüsusən hazırlaşırdı. Vaqif ailənin yeganə oğlan övladı olub, onun bir bacısı var.
Xatırladaq ki, bir neçə gün öncə Xaçmazın Niyazabad kəndində 6-cı sinif şagirdi ehtiyatsızlıq üzündən dünyasını dəyişib. Məktəbli evlərinin həyətində iplə oynayarkən boğulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.