BAKI, 22 aprel - Sputnik. Vladimir Leninin məqbərəsi Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümünün qeyd edilməsinə hazırlıqla əlaqədar aprelin 23-dən müvəqqəti olaraq bağlanacaq. Bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
“Böyük Vətən müharibəsində Qələbənin 77-ci ildönümünün qeyd edilməsinə həsr olunmuş tədbirlərin hazırlanması və keçirilməsi ilə əlaqədar 2022-ci il aprelin 23-dən mayın 16-dək V.İ.Leninin mavzoleyinə və Kreml divarı yaxınlığındakı nekropola ziyarətçilərin qəbulu həyata keçirilməyəcək”, - məlumatda deyilir.
Qələbə paradı ənənəvi olaraq mayın 9-da Moskvada keçiriləcək. Hazırda məşqlər gedir. Aprelin 28-i və mayın 4-də Moskvada Qələbə Paradının gecə hazırlığı keçiriləcək.
Xatırladaq ki, proletariatın "dahi rəhbəri" Vladimir Leninin bu il aprelin 22-də 152 yaşı tamam olur. 1924-cü il yanvarın 21-də vəfat edən Leninin mumiyası Moskvanın Qızıl meydanında onun adını daşıyan mavzoleydə saxlanılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.