PAYTAXT XƏBƏRLƏRİ

Bir həftədə iki analoji hal: Polis nişanlısını qətlə yetirdikdən sonra intihar edib

Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısını qətlə yetirib.
Sputnik
BAKI, 22 aprel — Sputnik. Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib.
O bildirib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib ki, artıq faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, analoji hadisə ötən həftə gecə saatlarında Zaqatalanın Yuxarı Çardaqlar kəndində də baş verib. Kənd sakini 37 yaşlı Qılman Qurban oğlu Həsənov münaqişə zəminində kəsici alətlə həyat yoldaşı 37 yaşlı Xavər Şamil qızı Həsənovanın boğaz nahiyəsini kəsərək qətlə yetirib. Daha sonra Qılman Həsənov özünün boğaz nahiyəsini kəsərək intihar edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.