BAKI, 22 aprel — Sputnik. Azərbaycan-İran sərhədində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əhmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti, o cümlədən xüsusi təyinatlı texnikaların tətbiqi sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin olunub.
Yanğın nəticəsində 50 ha sahədə qamışlıq və kol-kos yanıb. Ərazidə olan sərhəd kommunikasiya xətləri yanğından mühafizə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.