"Yeraltı hamam" Göyçayın ən qədim tarixi abidələrindən olsa da, məhvə doğru gedir. Bu memarlıq nümunəsi otuz ildən çoxdur baxımsız vəziyyətdədir. İllərdir Mədəniyyət Nazirliyinin "təmir olunacaq abidələr" siyahısına düşsə də, nədənsə, unudulub. 135 il əvvəl tikilmiş sirli hamam Azərbaycanın nadir memarlıq abidələrindən biridir. XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağabəyzadənin bu hamamı tikdirərək qızına cehiz kimi bağışladığı deyilir.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli deyir ki, "Yeraltı hamam" adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Hamamlardan ikisi qadınlar, biri isə kişilər üçün nəzərdə tutulub. Buradan eyni vaxtda 70 nəfər istifadə edə bilib.
"Uzun illər insanlara xidmət göstərən ölkə əhəmiyyətli bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Hamamın çirkab sularının saxsı borularla hara və necə axıdılması müəmmalı olaraq qalır. Aparılan araşdırmalara baxmayaraq, bu sual hələ də cavabını tapmayıb", - deyə mütəxəssis bildirib.
Göyçay sakini Əlirasim Əhmədli deyir ki, "Yeraltı hamam" 1930-cu ildən 1940-cı ilə qədər həbsxana kimi istifadə edilib. 1941-ci ildən 1958-ci ilə qədər pendir sexi kimi fəaliyyətdə olub. Həmin ildən etibarən tikili yenidən təmir bərpa olunaraq təyinatı üzrə hamam kimi sakinlərin öhdəsinə verilib.
1993-cü ilə qədər hamam kimi istifadə edilən tikili yenidən fəaliyyətini dayandırmalı olub:
"Həmin ildən sonra abidə sahibkarlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub. Beləcə, tarixi memarlıq nümunəsi zərər görüb, dağılaraq bərbad hala düşüb. Dam örtüyündə və divarlarında böyük çatlar əmələ gəlib, hətta uçmaq təhlükəsi yaranıb. Vaxtında təmir və bərpa işləri görülməzsə, yaxın vaxtda abidə tarixə qovuşacaq. Hazırda "Yeraltı hamam"ın qapıları bağlıdır, içəri heç kim buraxılmır".
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yerli nümayəndəsi Vəfa Məlikova bildirib ki, abidənin ətrafı tez-tez məişət tullantılarından təmizlənsə də, yerli sakinlər binaya bir qədər ögey münasibət bəsləyirlər. Abidənin təmir-bərpası nəzərdə tutulsa da, konkret vaxt deyə bilmirlər. Amma əmindirlər ki, yaxın gələcəkdə abidə yenidən bərpa ediləcək. Görülən bərpa işləri yerli sakinlərlərə bərabər rayona gələn qonaqların da marağını cəlb edəcək.
Xatırladaq ki, müvafiq qurumların nümayəndələri ötən 10 il ərzində Göyçaya dəfələrlə gələrək bu tarixi abidənin vəziyyəti ilə tanış olublar və təmir-bərpa işləri aparılacağını bildiriblər. Lakin konkret bir addım atılmayıb.
Baxımsız olan abidənin qarşısı zibil tullantılarının toplandığı yerə çevrilib. Ətrafda yaşayan insanlarla maarifləndirici söhbətlər aparılsa da, abidənin qarşısını təmiz saxlamaq mümkün deyil. Ümid yalnız ona qalıb ki, hamam bərpa edilsin və əvvəlki missiyasına dönsün. Bəlkə o zaman insanlar tarixi abidəni zibilin içində batırmazlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.