İQTİSADİYYAT

Pay torpaqlarının dövlət hesabına sənədləşdirilməsi yekunlaşır

Vətəndaşların sənədləri qanunvericiliklə müəyyən olunan müddətdə təqdim ediləcək
Sputnik
BAKI, 21 aprel — Sputnik. Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi prosesinin nəzərdə tutulandan daha tez yekunlaşacağı proqnazlaşdırılır.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, ötən ilin dekabr ayından bu ilin 18 aprel tarixinədək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarına sahib olan 17 742 ailənin ərizəsi qəbul olunub, 9521 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.
APA-nın xəbərinə görə, xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliklə müəyyən olunan müddətdə təqdim ediləcək.
Qeyd edək ki, Nazirlər Kabineti “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi”ni təsdiq edib.
Qərara əsasən, bu mexanizm pay torpaq sahələri üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahələrinin plan və ölçülərinin) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi qaydasını müəyyən edir.
Müvafiq torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı xərclərin hesablanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.
Dövlət büdcəsində bu məqsədlər üçün proqnozlaşdırılmış illik vəsaitin bərabər hissələrlə müvafiq sifarişlər əsasında rübdə bir dəfə olmaqla, hər rübün ilk ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) xəzinə hesabına köçürülməsi təmin edilir.
Xidmət müvafiq bölgüyə uyğun ayrılmış vəsaitin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesablaşma hesabına köçürülməsini təmin edir.
Müvafiq il üzrə hüquqları dövlət qeydiyyatına alınmış şəxslər, onlara verilən hüquqmüəyyənedici sənədlər, habelə göstərilən xidmətlərə görə hesablanmış vəsait barədə illik icmallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Peşə hazırlığına cəlb edilən pay torpağına malik şəxslərə təqaüd veriləcək