BAKI, 21 aprel — Sputnik. Bəzi ölkələrin iri şəhərlərində, küçə və meydanlarda tez-tez təəccüb doğuran sənətlə məşğul olanlara rast gəlinir. Onların arasında canlı heykəllər də var: bir yerdə uzun müddət tərpənmədən, donmuş vəziyyətdə duraraq sənət əsərini xatırladan adamlar.
Turustlərin çox getdiyi şəhərlərdə bu sənət dəbdədir. Azərbaycanda isə indiyədək onunla məşğul olan olmayıb. Bu baxımdan Pərviz Fəxrəddin Abdullayevi ölkəmizdə bu işin "pioneri" adlandıra bilərik. Pərviz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram, teatr və kino aktyoru fakültəsini bitirib. Hazırda aktyor və ssenarist kimi fəalliyyət göstərir. Bundan öncə canlı heykəl kimi Türkiyədə çıxış edib. Daha sonra isə bu işi ölkəmizdə davam etdirməyi düşünüb
Əvvəlcə müəyyən dövlət qurumlarına müraciət edib. Onun ideyasını bəyənərək dəstək olublar. Odur ki, indi Pərviz "canlı heykəl", yaxud "çemodanlı adam" kimi Bakı küçələrini dolaşır. O, Azərbaycan paytaxtında "canlı heykəl"ə dönməyin necə bir hiss olduğunu Sputnik Azərbaycanla bölüşüb.
- Türkiyədə də bu işlə məşğul olmusunuz. Hər iki ölkənin vətəndaşlarının bu işə münasibəti necədir? Daha çox hansı ölkədə marağı hiss etdiniz?
- Hər iki ölkədə maraq var, əlbəttə. Küçə sənəti elədir ki, onu nümayiş etdirən aktyorun, insanın ətrafında heç kim toplaşmasa da, oradan keçənlərdən heç olmasa bir nəfər dayanıb maraqla baxır. Bir nəfər, ya 100 nəfər, fərqi yoxdur, aktyor üçün anşlaqdır. Bu, qapalı teatr səhnəsində oynayan aktyor üçün də belədir.
Pərviz Fəxrəddin
© Photo : Courtesy of Parviz Fakhraddin
- Pandemiya bütün sahələrə, eləcə də incəsənətə təsirsiz ötüşmədi. Bəs o, "canlı heykəl"ə necə təsir edib?
- Hazırda pandemiya səbəbindən bir qədər çətin dönəmdə yaşayırıq. Mənim üçün də bir qədər çətin keçir. Buna baxmayaraq, paytaxt küçələrində küçə sənəti nümayiş etdirənlərə, daha çox musiqiçilərə rast gələ bilərsiz. Ölkəmizdə küçə sənəti son bir neçə ildə başlayıb. Bir qədər gec başlasa da, qısa müddətdə daha çox inkişaf edəcəyinə əminəm.
- Azərbaycanda klounluqla məşğul olanlara, cizgi filmi qəhrəmanlarının geyimini geyənlərə münasibət heç də birmənalı deyil. Onları rişxəndlə qarşılayırlar, hətta təhqir edənlər də olur. Siz belə bir halla rastlaşmısınızmı?
Pərviz Fəxrəddin
© Photo : Courtesy of Parviz Fakhraddin
- Kimin ürəyi hansı personajı istəyirsə, onun formasını geyinib küçəyə çıxması yanlışdır. "Klounluq" sənətdir və teatrın bir hissəsidir. Bunun sənət olmasından xəbərsiz şəkildə ürəyimiz istəyən personajın formasını geyinib küçəyə çıxsaq, bizə qəribə münasibət bəsləyəcəklər, təhqir edəcəklər, hətta vuracaqlar da. Mən belə hallarla rastlaşmamışam. Mən insanlara elə münasibət bəsləmirəm ki, təhqir etmək həddinə çatsınlar.
- Küçə incəsənəti ilə məşğul olan şəxslər deyirlər ki, polis onlardan dayandığı yerə görə pul istəyir. Siz bu halla qarşılaşmısınız?
- Xeyr! "Canlı heykəl" ideyası mənim olsa da, bu, bir layihədir. Bu layihəni isə Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzi həyata keçirir, Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Mədəniyyat İdarəsi dəstəkləyir. Ona görə də heç kəs məni narahat etmir.
- Yayda da bu layihəni davam etdirəcəksiniz, yoxsa sadəcə mövsimidir?
Pərviz Fəxrəddin
© Photo : Courtesy of Parviz Fakhraddin
- Düşünmürəm ki, yayda hansısa problemlə üzləşim. "Çemodanlı adam" həftənin müxtəlif günlərində, daha çox saat 5-7 radələrində Xaqani Ticarət Mərkəzinin qarşısında olur. Bu saatlarda da çox isti olmadığına görə rahat şəkildə işi icra etmək mümkündür.
- Bölgələrə getməyi düşünürsünüz?
- Bəli, planımda bölgələrə getmək var. Bunu daha çox ona görə istəyirəm ki, Bakıda yaşayan insanlar üçün "çemodanlı adam"ı görmək asandır. Çox insan gün ərzində paytaxt küçələrində olur və "canlı heykəli" görür, ancaq rayonda yaşanlar görə bilmir. Sadəcə televiziya, ya da sosial şəbəkələrdə görə bilirlər. Bəlkə də "canlı heykəl" görmək kiminsə uşaqlıq arzusu idi. İndi isə artıq o, bizdə də var. Yaxşı olardı ki, təkcə Bakıda yox, bölgələrimizdə də insanlar onu canlı şəkildə görsünlər.
- Bəs bu işin maddi tərəfi necədir? Əldə etdiyiniz gəlir sizi qane edirmi?
- Mən aktyor və ssenaristəm. Daha çox ssenari və film üzərində işlər görürəm. "Canlı heykəl" işi isə sırf qazanc məqsədli deyil. Burada "qane edir, ya etmir" məsələsi mövzu ola bilməz. Sevərək bir sənəti nümayiş etdirmək və bundan az, ya da çox pul qazana bilmək bacarığının olması yaxşı haldır.
- "Çemodanlı adam"a dönmək nə qədər vaxt tələb edir?
- "Çemodanlı adam"ın hazırlıq prosesi təxminən 1 saat çəkir. Qrimin təmizlənməsi də bir o qədər vaxt tələb edir. Hər şey hava şəraitindən asılıdır. Bu işi görmək üçün havalar əsasən mülayim və sakit olmalıdır. Külək, yağış və qar bu işə mane olur...
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!