BAKI, 19 aprel — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) "Qanun Nəşrlər Evi"nin yaxınlığında sursat tapılması ilə bağlı məlumat yayıb.
FHN-dən verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 76 ünvanında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd təlim xarakterli, döyüşə yararsız F-1 əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Xatırladaq ki, Bakıda "Qanun Nəşrlər Evi"nin yaxınlığında qumbara aşkarlandığı barədə nəşriyyatın sahibi Şahbaz Xuduoğlu məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.