SƏHİYYƏ

Metadon proqramından imtina etmək lazımdır - Narkoloqdan çağırış

Narkoloq bildirir ki, metadonla müalicə vasitəsilə narkomaniya faciəsinin qarşısını almaq mümkün deyil.
Sputnik
BAKI, 8 aprel — Sputnik. “Narkomanların müalicəsində metadon proqramından istifadə edilir. Qeyd olunur ki, bu proqramın icra olunmasında məqsəd zərərin azaldılmasıdır. Tərəfdarıyam ki, bu proqramın icrası dayandırılsın”, - bunu Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Zəfər Əliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O bildirir ki, Azərbaycandan fərqli olaraq Rusiyada metadonla müalicə proqramı qəbul olunmayıb: "Düşünürəm ki, Rusiya düzgün bir addım atıb. Çünki həmin proqramın fəsadları çoxdur. İstənilən halda metadon narkotikdir və digər narkotiklərdən fərqli deyil. Təsəvvür edin, bir narkotik maddə başqası ilə əvəz olunur və narkotikə olan istək eyni səviyyədə qalır. Düşünürəm ki, həmin proqram məsələnin həlli yolu deyil".
Qeyd edək ki, Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli 21 nömrəli qərarı ilə ölkəmizdə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqram inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib.
Metadonla müalicə proqramına daxil olmaq üçün narkoman ən azı 2 il ərzində narkotik preparatları qəbul etməli, xəstənin ən azı 2 dəfə uğursuz nəticələnmiş müalicəsi olmalıdır. Bunlardan əlavə, yanaşı xəstəliklər - vərəm, diabet, qarışıq ruhi pozuntular olduqda da narkomanların müalicəsi üçün metadondan istifadə oluna bilər. Hepatit B xəstəliyi ilə bağlı preparatların qəbulu nəticəsində fəsadlar varsa, belə narkomanlar üçün metadonla müalicənin tətbiqi mümkündür.
Nazirlər Kabinetinin 2006-cı ildə qəbul etdiyi qərarda əvəzedicilərlə bağlı belə qeyd yer alıb:
Əvəzedici terapiya (müalicə) opioidlərdən asılı şəxslərin (xəstələrin) Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmiş əvəzedici dərmanları ilə müalicəsi deməkdir. Dərmanlar Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmiş opioid qrupuna aid sintetik və ya təbii mənşəli tibbi preparatlardır. Bütün dünya üzrə tətbiq olunan bu tipli dərmanların əksəriyyəti (metadon hidroxlorid, buprenorfin, LAAM, morfin sulfat və başqaları) az zərərli olurlar.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi tərəfindən ölkədə 2021-ci ildə qeydə alınan narkomanların sayı may ayında açıqlanacaq. Komitənin son olaraq açıqladığı məlumata görə, 2020-ci ildə Azərbaycanda ilk dəfə narkoman diaqnozu qoyulanların sayı 2 723 nəfər olub. Əhalinin hər min nəfərinə düşən narkomanların sayı 27.3 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.