BAKI, 18 aprel — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi poçt xidməti ilə daşınmalar üzərində xüsusi yoxlamalara başlayıb. Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən daşıma şirkətləri müştərilərinə xəbərdarlıq mesajı göndərib. Göndərilən mesajda bildirilir:
"Hörmətli müştəri, son zamanlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində poçt xidməti ilə daşınmalar üzərində xüsusi yoxlanış başlamışdır. Buna səbəb ölkəyə çatdırılan malların düzgünlüyünü və təhlükəsizliyini təmin etməkdir. Bu səbəbdən bağlamaların Bakı Karqo terminalında yoxlanışı bir qədər uzun çəkə bilər. Hər birinizdən səbirli və təmkinli olmağınızı xahiş edirik. Əlavə olaraq qeyd edək ki, bağlamalarınız üçün gömrük bəyannaməsi zamanı məlumatları (məbləğini, miqdarını, növünü) tam doğru qeyd etməlisiniz. Əks halda, bağlamanız gömrük orqanları tərəfindən saxlanılacaqdır. Anlayışınız üçün öncədən təşəkkürlər!"
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada deyilir ki, bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda həyata keçirilən yoxlamalar nəticəsində poçt göndərişlərinin, daşıyıcı şirkətlər vasitəsilə xaricdən gətirilən bağlamaların sahiblərinə çatdırılması prosesində gecikmələrin müşahidə olunduğuna dair məlumatlar yayımlanıb.
Qurum onu da bəyan edib ki, təhlillər nəticəsində poçt göndərişləri vasitəsilə narkotik vasitələrin, psixotrop maddələrin, cəmiyyətdə “patı” adlandırılan metamfetaminin, qanunla qadağan edilmiş məhsulların gömrük sərhədindən keçirilməsinə cəhdlər, maliyyə intizamının pozulması və bəyanetmə prosesinin düzgün aparılmaması halları müəyyən edildiyindən bu sahədə nəzarət tədbirləri gücləndirilib:
"Gömrük nəzarətinin səmərəliliyinin artırılması, təhlükəsizlik, qaçaqmalçılıqla mübarizə, bəyanetmə və maliyyə nəzarətinin gücləndirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlər gömrük orqanlarının qanunvericiliklə müəyyən edilmiş gündəlik iş fəaliyyətidir".
Açıqlamada o da deyilir ki, gömrük orqanları bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün göstərilməsini tövsiyə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.