CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşada Zəfər Qurultayı keçiriləcək

Qurultayın keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün diaspor təşkilatlarının birlik nümayiş etdirməsi məqsədi daşıyır.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.
Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.
Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzularında müzakirələrin təşkili planlaşdırılır.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.
Xatırladaq ki, apreldən başlayaraq hər ay Milli Məclisin komitə iclaslarından biri Şuşa şəhərində keçiriləcək. Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsi Prezidentin sərəncamı ilə elan edilmiş "Şuşa ili"nə töhfə vermək niyyəti ilə bağlı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.