BAKI, 18 aprel — Sputnik. Penitensiar müəssisələrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləyən mülki işçilərin pensiya təminatı "Əmək pensiyaları haqqında" qanun ilə müəyyən ediləcək.
APA-nın xəbərinə görə, bu, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun layihəsinin qəbulu ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinin hazırlanması zərurəti yaranıb. Çünki "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" layihədə qanunun 9.7-ci maddəsinin yeni redaksiyada verilməsi nəzərdə tutulub. Həmin maddədə nəzərdə tutulan şəxslər cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərdir. Həmin işçilərə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq vəzifələr Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilib. Sözügedən siyahıda nəzərdə tutulan şəxslərin "Əmək pensiyaları haqqında" qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edildiyi üçün, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində həmin siyahıda nəzərdə tutulmuş vəzifələrdə işləyənlərə münasibətdə Qanunun hansı maddəsinin tətbiqi məsələsində ziddiyyətlər yaranmış olur. "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu layihəsi qəbul ediləcəyi təqdirdə sözügedən şəxslərin pensiya təminatı həmin Qanunun 9.1-ci maddəsi ilə tənzimlənəcək.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 9.1-ci maddəsinin təklif olunan yeni redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.