BAKI, 17 aprel — Sputnik. Bazarda balığın bol olmasına baxmayaraq, qiyməti bahadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il ölkəmizdə qiyməti bahalaşan məhsulların siyahısında balıq da var. 2022-ci ilin yanvar ayında Azərbaycanda balıq və balıq məhsullarının qiyməti 1,8 faiz bahalaşıb. Fevral ayında isə balığın qiymətində 1,3 faiz bahalaşma qeydə alınıb. Mart ayında bu məhsulun qiyməti 3,4 faiz artdı.
İllik normadan üç dəfə az balıq yeyirik
Balığın qiymətinin baha olması əhalinin balıq istehlakına da ciddi təsir edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasına görə, illik balıq istehlakı adambaşına 21 kiloqram olsa da, Azərbaycanda o rəqəm 7 kiloqram təşkil edir. Bu isə ÜST və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qoyduğu illik normadan üç dəfə aşağıdır.
Alıcılar da balığın az istehlak edilməsinin səbəbini qiymətinin baha olması ilə əlaqələndirirlər. Bayıl qəsəbə sakini Nuridə Mirzəyeva deyir ki, balığı çox sevsə də, qiyməti baha olduğundan ayda bir dəfə almağa ancaq imkanı çatır: "Balığı ailəliklə çox sevirik. Di gəl ki, qiyməti çox bahadır. İki kiloqram balığın qiymətinə üç kilo ət almaq sərf edir. Ona görə biz balığı ancaq ayda bir dəfə alırıq".
Bəzi sakinlər isə nəinki ayda bir dəfə, ildə bir dəfə balıq aldıqlarını söylədilər. Elnarə Məmmədova bildirdi ki, balığı Yeni il bayramında alıb. O, balığı bayramdan-bayrama, ildə bir dəfə aldığını gizlətmədi. Buna səbəb kimi isə balığın qiymətinin baha olmasını əsas göstərdi.
Sorğu apardığımız alıcılar bildirdilər ki, az qala hər tin başında balıq satılsa da, bu bolluq qiymətə təsir etmir. Qiymətlər ucuzlaşmır ki, ucuzlaşmır.
Balıq satışı
© Sputnik / Zulfiyya Guluyeva
Bazarda satılan balıqların çoxu Həştərxandan gətirilir
Qəsəbə sakinlərinin sözünü balıq satışı ilə məşğul olan Əli də təsdiqləyir. Həmsöhbətimiz bildirir ki, satışdakı balığın çox az hissəsi yerli istehsaldır. İri balıqların çoxu Həştərxandan gətirilir. Bu isə qiymətə təsirsiz ötüşmür. Əli bildirir ki, bu gün bazarda balıq boldur. Amma satışdakı balıqların bir qismi də süni göllərdə yetişdirilən balıqlardır. Azərbaycanda çaylardan, dənizdən tutulan balıqlar isə baha satılır. Həmsöhbətimiz balığın qiymətinin baha olmasını ölkəmizdə balığın az tutulması ilə əlaqələndirdi. Onun sözlərinə görə, balıq ölkəmizə daha çox Həştərxan və İrandan gəldiyi üçün qiyməti də bahadır.
Apardığımız müşahidələr nəticəsində məlum oldu ki, bazarda balığın qiyməti növünə görə dəyişir. Ən bahalı balıq forel və kütümdür. Bu balıqların bir kiloqramı 13 manatdan aşağı deyil. İri forel balığı 15 manatdır. Digər balıqların qiyməti 6-8 manat arasında dəyişir.
Mağazalarda isə balığın qiyməti daha bahadır. Levrək balığı 25 manat, ulduzlu nərə balığı 42 manat, somon balığı (qızılbalıq) isə 40 manatdır.
Balıqçılar da qan ağlayırlar
Balıqçılar isə balığın qiymətinin baha olmasının səbəbini su hövzələrində balığın azalması ilə izah edirlər. Onlar əvvəlki illərlə müqayisədə az balıq tutduqlarını deyirlər. Lənkəranda 30 ildir balıq ovu ilə məşğul olan Əlövsət dayı deyir ki, dənizin suyu azaldığından Xəzərin Lənkəran hissəsində xeyli irəli getməli olurlar: "Dənizdə balığın azalmasının səbəbi dəniz suyunun azalmasıdır. Bu da cənub bölgəsinə balıq miqrasiyasına təsir edir. Biz bu il balığı tutmaq üçün xeyli qabağa getməli oluruq. Bizə kütüm, siyənək, külmə (vobla) balıqlarına kvotalar ayrılır".
Həmsöhbətimiz deyir ki, əvvəl bir mövsümə 1 ton kütüm balığı tuta bilirdilərsə, son illərdə 300-400 kiloqram kütüm ancaq tuta bilirlər: "Bizə balıq ovlamaq üçün dənizdə on milə qədər getməyə icazə verilir. İndi orada balıq azdır. İrəli getməyə isə sərhədçilər icazə vermirlər".
Lənkəranda balıqçılar tutduqları balığı elə də baha qiymətə satmadıqlarını bildirdilər. Onların sözlərinə görə, kefal balığının bir kiloqramını 5 manata satırlar. Siyənək balığının isə kiloqramını 1 manat 60 qəpikdən topdan sexə satırlar.
Xəzərdə balıq tükənmək üzrədir
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, Azərbaycan digər ölkələrlə müqayisədə daha az balıq istehsal edir. Dəniz, çay və göllər diyarı olan Azərbaycanda balığın az istehsal edilməsinin səbəbləri isə fərqlidir. Göllərdə suyun təmizlənməsi, balıqların normal qidalanması həyata keçirilmir: "Biz göllərin ərazisini artırmaq hesabına balığın sayını artırmağa çalışırıq. Xarici ölkələrdə isə balığın sayı düzgün qaydalara əməl edilməklə artırılır. Getdikcə dənizdə balıqların sayı azalır. Çirklənmə nəticəsində xırda balıqlar yoxa çıxır. Bu isə xırda balıqlar hesabına qidalanan böyük balıqların sayının azalmasına gətirib çıxarır. Bu gün Azərbaycan balıqçıları gedib Qazaxıstan, Rusiya sərhədində balıq ovlayırlar. Bu da onunla bağlıdır ki, Azərbaycan tərəfdə balıq tükənmək üzrədir".
Ekspert də təsdiqləyir ki, Azərbaycanda əhali illik normadan az balıq istehlak edir. Bunun da səbəbi balıq almağa hər ailənin maddi durumunun imkan verməməsi ilə bağlıdır.
İdxaldan asılıyıq
V. Məhərrəmov ölkəmizin balığa olan tələbatının ödənilməsi üçün balığın əsasən idxal edildiyini bildirib. Onun sözlərinə görə, dəniz boyu qəfəs balıqçılığını inkişaf etdirməklə Azərbaycanda balıq istehsalını artırmaq olar: "Dənizdə qəfəs formasında avadanlıqlar quraşdırılmaqla dəniz suyunda süni qidalandırma ilə balıq yetişdirmək mümkündür. Azərbaycan beləcə öz tələbatını ödəməklə yanaşı, bir çox ölkələrə balığı ixrac da edə bilər. Bu gün Həştərxan və İrandan Azərbaycana balıq gətirilməsinin səbəbi həmin ölkələrdə balığın qiymətinin ucuz olmasıdır".
Həmsöhbətimiz hesab edir ki, çaylarda sululuğun azalması, çirklənməsi balıqların tükənməsinə səbəb olan əsas amillərdəndir. Dünyada təkcə göllərdə balıq istehsalı 20 faiz artıb. Azərbaycanda da balıq istehsalını artırmaq üçün balıq yemi istehsalına ciddi diqqət yetirmək lazımdır. Üstəlik, Azərbaycanda balıq istehsalında və idxalında monopoliya var.
Balıq satışı
© Sputnik / Zulfiyya Guluyeva
Balıq ovuna kvota azaldılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev isə bu il balıq ovuna verilən kvotanı azaltdıqlarını təsdiqlədi. O bildirdi ki, hər il Xəzər dənizində ekspedisiyalar təşkil edilir, Azərbaycan akvatoriyasına aid olan Xəzər dənizi su bioresursları tədqiq olunur. Əldə olunmuş göstəricilər növbəti ildə kvotaların müəyyənləşdirilməsi üçün əsaslar verir. Kvotalar bir neçə istiqamətlərdə verilir - sənaye məqsədilə, akvakultura sahəsinə, elmi-tədqiqat işləri məqsədilə. Xəzər dənizindən başqa, Mingəçevir və Şəmkir su anbarları, Yenikənd su anbarı, Baş Şirvan kollektoru, Baş Mil-Muğan kollektorunda da vətəndaşlara müəyyən kvotalar ayrılır.
2021-ci ildə sənaye balıq ovu məqsədilə Xəzər dənizində 5 min 385,5 ton, daxili su hövzələrində 188 ton, elmi tədqiqat məqsədilə 11,6 ton, akvakultura məqsədilə 12,8 ton kvota ayrılıb. 2022-ci ildə isə Xəzər dənizində 5348,5, daxili su hövzələrində 169 ton, elmi tədqiqat məqsədilə 11,3, akvakultura məqsədilə 11,2 ton kvota ayrılıb. Müqayisə etsək görərik ki, 2022-ci ildə Xəzər dənizində balıq kvotasının miqdarı 37 ton, daxili su hövzələrində 18 ton azaldılıb. F.Əliyev deyir ki, bunun isə səbəbi nəinki Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyasında, ümumilikdə iqlim dəyişikliklərinin təsiri nəticəsində su bioresurslarının azalmasının müşahidə edilməsidir. Bu da kvotanın azaldılmasına əsas verir.
Məlumat üçün bildirək ki, vətəndaşlar kvotanı əldə etmək üçün ASAN Xidmət vasitəsilə sənədlərini daxil edə bilərlər. Balıq ovuna icazə üçün Nazirlər Kabinetinin 146 saylı qərarı ilə ödənişlər tənzimlənir. Onu da öyrəndik ki, 2021-ci ildə 270 fiziki şəxsə, 9 hüquqi şəxsə kvota verilib. 2022-ci ildə isə bu günə qədər 249 fiziki və 6 hüquqi şəxsə balıq ovu üçün kvotalar verilib.
Balıq idxalında da azalma var
Dövlət Gömrük Komitəsindən aldığımız məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri azalıb. 2022-ci ilin ilk iki ayında ölkəyə dəyəri 4 369.84 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 583.94 min dollar və ya 13.36% azdır.
Balıq əvəzsiz qidadır, amma...
Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov isə deyir ki, balığın qida rasionunda azalması insan sağlamlığına təsirsiz ötüşmür. Onun sözlərinə görə, balıq A və E vitaminləri ilə zəngindir. Balığın istehlakının azalması uşaqlarda boyun uzanmasına təsir göstərir. Belə ki, balıq ürək, qaraciyər, qalxanvari vəz və sairə xəstəlikləri olanlar üçün əvəzsiz qidadır. Həmsöhbətimiz ildə ən azı 21 kiloqram balığın istehlakının vacib olduğunu söylədi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.