BAKI, 17 aprel - Sputnik. Gürcüstanın 21 nəfər mədəniyyət xadimindən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri baş tutub.
Gürcüstanın mədəniyyət xadimləri Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.
Qonaqlar dağıntıya məruz qalan əraziyə gül düzüblər, həlak olanların xatirəsini anıblar.
Onlara ermənilərin şəhərdə törətdikləri terror aktları barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti daha sonra Gəncə Dövlət Dram Teatrının yeni istifadəyə verilən binası ilə tanış olublar. Mədəniyyət xadimləri teatrda konsert proqramı ilə çıxış ediblər. Onlar Azərbaycan mahnılarını ifa ediblər.
Gürcüstanın mədəniyyət xadimləri Ağdam şəhərinə də səfər edəcəklər.
Gəncənin bombalanması
2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə raketlərlə atəşə tutulub. Bombalanmalar Vətən müharibəsi dövründə baş verib.
Hücumlar, 4, 5, 8, 11, 17 oktyabr tarixlərində həyata keçirilib.
Zərbələr nəticəsində 27 nəfər həlak olub, 125 nəfər isə yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.