MƏDƏNİYYƏT

"Qəmlo", "Abbasqulu bəy", "Oqtay" - Kinomuzun real qəhrəmanları - VİDEO

Azərbaycan kinosunun bir çox filmlərinin qəhrəmanları real həyatda yaşamış insanlar olub.
Sputnik
BAKI, 16 aprel — Sputnik. Kino həyatın aynasıdır. Düzü-düz, əyrini-əyri əks etdirməyə qadir olan möcüzədir. Elə filmlər var ki, onlar real hadislərin əsasında çəkilib. O filmin qəhrəmanları da real həyatda yaşamış insanlardır. Uzun illər kino tariximizi araşdıran Aydın Kazımzadə real həyatda olan kino qəhrəmanarlımızdan söhbət açıb.
Kinoşünas ötən əsrin əvvəllərində lentə alınmış kinolarımızın real qəhrəmanları barədə danışıb. 1930-cu ildə çəkilmiş "Lətif" filminin qəhrəmanı elə Lətif Səfərovun özüdür. O, 7 yaşında olanda Şuşada çəkiliş qrupuna rast gəlir. Çəkiliş heyəti onu studiyaya gətirir. O vaxt sovet hökuməti yeni bir film çəkilməsi ilə bağlı bir qərar çıxarmışdı. "Köhnə və yeni" ("Старая-новая") adlı film çəkilməli idi. Film İnqilabdan əvvəli və sonrakı dövrdən bəhs etməli idi. Guya bütün Sovet ölkələri inqilabdan sonra inkişafdadır. Bütün keçmiş sovet ölkələri bunu çəkirdi: "Rəhmətlik rejissor Mikayıl Mikayılov özü mənə danışırdı ki, həmin adla razılaşmayıb və filmin adını "Lətif" qoyub. Filmin əsas süjet xəttini kollektiv təsərrüfatların yaradılması dövründə kəndlərin birində baş verən hadisələr zamanı yeddi yaşlı oğlanın qoçaqlığı təşkil edir. Həmin film real hadisələr əsasında lentə alınıb".
Mikayıl Mikayılovun "İsmət" filmi də real hadisələr asasında lentə alınıb. Həmin film də rejissorun təxəyyülünün məhsulu deyil. Film 3 hadisə əsasında qurulub. Mikayıl Mikayılovun özü İçərişəhərli idi. İçərişəhərdə bir hadisə baş veribmiş. Qadın özünü yandırır. Səbəb isə evli ola-ola ərinin başqa qadını evinə gətirməsi olub. İkinci bir hadisə isə belə olub. O vaxt Əli Bayramov adına klub var idi. Əli Bayramovun xanımı Ceyran Bayramovanın yanında Səriyyə adlı xanım olur. Səriyyə o dövrün fəal qadınlarından olur. Onun atası və qardaşı bunu binamus adlandırır və İçərişəhərdəki tinlərin birində qətlə yetirirlər. Bu hadisə böyük səs-küyə səbəb olur. Üçüncü bir hadisə isə ilk azərbaycanlı qadın təyyarəçi Leyla Məmmədbəyovanın pilot olması idi. Mikayıl Mikayılov 3 qadının həyatından olan müəyyən sujetlər bir filmdə cəmləşib. Yəni, bu film də real hadisələr əsasında lentə alınıb.
Aydın Kazımzadə bildirir ki, sovet dönəmində kolxoz quruculuğundan, kolxoz sədrlərinin riyakarlığından bəhs edən bütün filmlərin qəhrəmanları həyatda olmuş insanlardır: "Böyük dayaq" filmində Rüstəm kişi, "Görüş" filmindəki Münəvvər də uydurulmuş qəhrəmanlar deyil. "Qatır Məmməd" filmi də real hadisələr əsasında çəkilib. Çox təəssüf ki, onun Gəncəbasar bölgəsindəki heykəlini götürüblər. "Yeddi oğul istərəm" filmi də real hadisələr əsasında çəkilib. Yəni, uydurlumuş qəhrəmanlar deyil. "Axırıncı aşırım" filmindəki Abbasqulu bəy və Qəmlo da həyatda mövcud olub. Fərman Kərimzadənin "Qarlı aşırım" romanında Abbasqulu bəy Şadlinski obrazı göstərilir . 1971-ci ildə " Azərbaycanfilm " kinostudiyasında bu roman əsasında "Axırıncı aşırım" filmi çəkilib , həmin filmdə Şadlinski rolunu Həsən Məmmədov ifa edib".
"Nəriman Nərimanov haqqında çəkilmiş film də real hadisələr əsasında çəkilib. Nərimanov ağıllı insan idi, amma Sovet hökumətinin vədlərinə inandı. Məmməd Əmin Rəsulzadədən üz döndərib bolşeviklərə qoşuldu. Sonradan gördü ki, sovet hökuməti Azərbaycanı irəliyə aparmır, əksinə "sağılan inək kimi sağır". O Leninə məktub yazır ki, "hanı bizə vəd etdiklərin?". Lenin anladı ki, Nərimanov artıq dövlət üçün təhlükəlidir. Lenin vəfat etdi, Stalin hakimiyyətə gəldi. Eyni məktubu ona da yazdı. Sonra öldü. Nərimanovun sürücüsü sonralar danışırdı ki, onun qəhvəsinə zəhər qatıblarmış. Muxtar Dadaşovun çəkdiyi "Nəriman Nərimov filmində bu hadisələr əks olunub", - deyə kinoşünas əlavə edir.
Kazımzadə 1958-ci ildə lentə alınan "Ögəy ana" filmi haqqında maraqlı faktları açıqladı. Onun dediyinə görə, Nəcibə Məlikova öz obrazını yaradıb. N.Məlikova Teatr texnikumunu bitirəndən sonra Gəncəyə təyinat alır. Gəncədə bir mühəndislə tanış olur. O vaxt o həyat yoldaşından ayrılmışdı, oğlu özü ilə qalmışdı. O kişinin də anası sağ idi, özü də xan nəslindən idi. Nəcibə ilə yola getmir. Bu nikahdan aktirisanın Saqib adlı bir övladı dünyaya gəlir. Ərindən xəyanət görən aktrisa ayrılır və hər iki uşağa eyni qayğı, eyni sevgi ilə yanaşır: "Öz doğma övladı vəfat edir, amma ərinin övladı sağ qalır. Ədil İsgəndərov bu hadisənin şahidi olub. Bu söhbəti Həbib İsmayılova danışır, H. İsmayılov da ssenarisini yazır. Film ona görə uğurlu alınır ki, Nəcibə xanım öz həyatını oynayıb".
Rejissor Rasim Ocaqovun filmlərinin qəhrəmanları real insanlar idi. "Tütək səsi" filmində olan hadisələrin hər biri müharibə vaxtı bölgələrdə baş verən prosesləri əks etdirir. Budan başqa, Arif Babayevin "Gün keçdi" filminin qəhrəmanı elə Arif Babayevin özüdür. Aydın Kazımzadə Arif Babayevi yaxından tanıdığını söyləyir. Kinoşünas bildirir ki, filmdəki hər detal Babayevin həyatını əks etdirir: "Arif Babayev bir yəhudi qızını sevirdi. Həmin qadın da televiziyada işləyirdi. O xanım da evli idi. Ona görə də Arif heç vax evlənmir. Filmdə bir detal var. Oqtay Əsməri evə gətirir. Televizoru açır, orada şəhərin mənzərəsini göstərirlər. Bir qadın uşaq arabasında uşağı aparır. Ailə, uşaq, bu, Arifin nisgili idi. Orada İçərişəhərin sökülməsi də göstərilib. Anarın ssenarisində bunlar yox idi. Anar o filmə baxanda öz ssenarisini tanımamışdı. Biz Arifi yaxından tanıdığımıza görə, bilirdik ki, oradakı əksər detallar Arifin həyatına aid idi".