BAKI, 16 aprel — Sputnik. Qida rejimində kəskin dəyişiklik, hipoqlikemik dərmanlar qəbulundan imtina, maye qəbulunun məhdudlaşdırılması diabetik ketoasidoz, ketoasidotik və hiperosmolyar koma kimi ağırlaşmalara, kəskin trombozun inkişafına, ağır hipoqlikemiyaya səbəb ola bilər.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib. Onun sözlərinə görə, baş verə biləcək ağırlaşmalar qlükoza, sərbəst yağ turşuları, maye və elektrolit balansının mübadiləsində pozğunluqlarla əlaqədar ola bilər. Bu səbəbdən oruc tutmazdan öncə diabet xəstələri həkimlərin tövsiyələrini nəzərə almalıdır. Diabet olmayan insanlarda qida qəbulu insulinin ifrazını stimullaşdıraraq, qlükozanın qaraciyərdə və əzələlərdə glikogen ehtiyatını təmin edir: "Oruc tutarkən yeməkdən uzunmüddətli imtina qanda qlükozanın səviyyəsinin azalması və insulin ifrazının azalması ilə müşayiət olunur. Onlarda insulin və kontrainsulyar hormonlar vasitəsilə qanda qlükozanın səviyyəsi tənzimlənir". İnsulin çatışmazlığı olan xəstələrdə isə uzunmüddətli aclıq hiperglikemiya və ketoasidoza səbəb olan glikogenin həddindən artıq parçalanmasına, qlükoneogenez və ketogenezin artmasına səbəb olur. Qida qəbulunun azaldılması hipoqlikemiyanın inkişafı üçün risklidir.
Mayenin daha az qəbulu ilə əlaqədar orqanizmdə baş verən dəyişikliklər qanın qatılaşmasını və tromboz riskini daha da artıra bilər.
Mütəxəssis oruc tutan diabet xəstələrinin ağırlaşmalara görə 4 risk qrupuna bölündüyünü qeyd edib: “Çox yüksək risk qrupu - qlükoza səviyyəsini kontrol etməyənlər, tip 1 şəkərli diabet, xroniki böyrək çatışmazlığından, hər hansı yanaşı kəskin xəstəliklərdən əziyyət çəkənlər, hamilələr, hemodializdə olan xəstələr və s. olanlardır. Yüksək risk qrupu - hər hansı yanaşı xronik xəstəliklərdən əziyyət çəkənlər, makrovaskulyar ağırlaşmaları olan xəstələr və s. olanlardır".
Orta risk qrupu olan şəxslər qanda qlükoza səviyyəsini ciddi kontrolda saxlaya bilənlər, hipoqlikemiyaya səbəbolma ehtimalı az olan dərman preparatlarını qəbul edənlərdir. Aşağı risk qrupu olan şəxslər yalnız pəhriz və ya metformin, glitazonlar, qliptinlər ilə müalicə olunan, hansısa yanaşı xəstəliyi olmayan xəstələrdir: "Çox yüksək risk qrupunda olan diabetli xəstələrə oruc tutmaq tövsiyə olunmur. Yüksək risk qrupunda olan xəstələrin də oruc tutmaları səhhətlərinə təhlükə yarada bilər”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.