BAKI, 15 aprel — Sputnik. Azərbaycanda hemofiliya xəstələrinin çox olduğu rayonların adları açıqlanıb. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova bildirib ki, hazırda ölkəmizdə 1747 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var. Xəstələrin respublika ərazisində yayılma tezliyi Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda nisbətən daha çoxdur. Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində müalicə olunur, həmçinin stasionar və ambulator şəraitdə müalicə alırlar.
Onun sözlərinə görə, hemofiliya hələ də müasir tibbin aktual problemidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hemofiliya A-ya hər 10 min nəfər kişinin 1 nəfərində, hemofiliya B-yə isə hər 50 min nəfər kişinin 1 nəfərində təsadüf edilir:
"Ölkəmizdə ilk dəfə olaraq hemofiliyanın inhibitor forması olan 3 ağır xəstəni müalicə etməyi planlaşdırırıq. Hemofiliyalı xəstələrə lazımı dozada faktor konsentratı vurulmasına baxmayaraq, bəzən qanaxma davam edir və bu hal xəstələrin inhibitor olmasına şübhə yaradır. İnhibitorlu xəstələr müalicəyə çox çətin tabe olduğundan həmin xəstələrin müalicəsi baha başa gəlir. Ona görə də inkişaf etmiş ölkələrdə belə xəstələrdə qanaxmaların qarşısını almaq üçün yeni innovativ dərman preparatlarından (Hemlibra- Emitizumab) istifadə edilir. Bu preparatlar həftədə 1 dəfə olmaqla dəri altına sxem üzrə yeridilir".
Qeyd edək ki, "Prezident İlham Əliyevin "Hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında qanunun tətbiq edilməsi haqqında" Fərman imzalayıb. 2005-ci ildə Dövlət Proqramı qəbul olunandan və 2006-cı ildən dərman preparatları ölkəyə gətiriləndən sonra bu xəstəlikdən ölüm halları minimuma enib. 2006-cı ildən qan laxtalandırıcı faktor preparatları ölkəmizə gətirilir və pasiyentlərə təmənnasız olaraq təqdim edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.