PAYTAXT XƏBƏRLƏRİ

Vətəndaşların bank hesablarından pul oğurlandı

Polis əməkdaşları əvvəllər də oğurluğa görə məhkum olunmuş iki nəfəri buna görə saxlayıb.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aprelin 6-da Bakı şəhər sakinləri E.Manafovun 1000, İ.İbrahimovun isə 120 manat pullarının bank hesablarından oğurlanması barədə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nemət Cabbarov və Ağcabədi rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Namiq Mehdiyev müəyyən edilərək saxlanılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, buna bənzər hadisələr dəfələrlə baş verib. Nərimanov rayonunda pul oğurluğu ilə 59 yaşlı Həbibə Dadaşova rastlaşıb. Onun kartından naməlum şəraitdə 444 manat çıxarılıb. Nəsimi rayonunda Adilə Cavadovanın kartından 260 manat oğurlanıb.
25 yaşlı Bakı sakini Rövşən Nadirovun kartından 394 manat çıxarılıb. Bütün bu cinayətlər son günlər baş verib. Zərərçəkmişlər ölkənin aparıcı banklarının müştəriləridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.