QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyəli məktəblilər Füzuli və Şuşada olub

Türkiyənin Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Qarabağa səfərdən böyük təəssürat alıblar.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Türkiyənin Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycanın bir sıra yerlərində, o cümlədən Füzuli və Şuşada olublar. Şagirdlərin müəllimi bildirib ki, məktəblilər amerikalı bir uşağın Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər.
Sinif olaraq qərara gəliblər ki, məktubu məhz Prezident İlham Əliyevə yazsınlar. Şagirdlər məktublarında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar.
Türkiyəli məktəblilərin Füzuliyə və Şuşaya səfəri
Məktəblilər 4 gün paytaxtda, ötən gecə isə Şuşa şəhərində gecələyiblər. Kastamonu Quzeykənd Məktəbinin müəllimi Naim Kayıkçı bildirib ki, əvvəlcə onlar Bakıda olub. Daha sonra Türkiyyədən, həmçinin bakıdan da gözəl görünən zəfər dolu torpaqlara üz tutublar. Bu barədə danışan Naim Kayıkçı həmçinin bildirib ki, bu səfərin təşkili onlar üçün qürurverici olub:
"Hamımız burda qürurlu və onurluyuq. Bu zəfərin qazanılmasında əməyi keçən bütün şəhidlərimizi hörmətlə anırıq. Buralarda mənimlə birlikdə şagirdlərimizin olmasına şərait yaradan prezident İlham Əliyevə təşəkkür edirəm. Biz bu torpaqların işğal olunduğunu bilirdik. Amma bu cür mənzərə ilə qarşılaşacağımızı gözləmirdik".
Kastamonu Quzeykənd Məktəbinin müəllimi Naim Kayıkçı
Türkiyəli müəllim həmçinin şagirdlərini ən çox təəssüfləndirən məqamdan da söz açıb. O bildirib ki, ermənilərin bu yerləri talan etməsi türk məktəbliləri tərəfindən olduqca pis qarşılanıb. Burada şahid olduqları hər bir məqam onların yaddaşında silinməz izlər buraxıb:
"Ermənilər buranı dağıdıblar, talan ediblər, heç nə qalmayıb. Yəqin buradan gedəcəklərini biliblər, ona görə də, bu şəkildə dağıdıblar. Axı onlar buranın əsl sahibləri deyildilər".
Türkiyəli qonaq Qarabağın havasının da fərqli olduğunu deyib. Bir zamanlar buranın möhtəşəm görüntüyə malik olduğunu xatırladıb. Deyib ki, ayaq basdıqları hər yer, hər ünvan, xüsusilə də Şuşa onlarda buranın tarixi keçmişi ilə bağlı özəl təəssürat yaradıb:
Türkiyəli məktəblilərin Füzuliyə və Şuşaya səfəri
"Biz Şuşaya getdik. Şuşa çox gözəldir. Havası da möhtəşəmdir. Orada Azərbaycan dövləti abadlıq-quruculuq işləri aparır. Çox gözəl binalar tikirlər, yollar çəkirlər. Bu, bizim çox xoşumuza gəldi. Düşünürük ki, yaxın gələcəkdə buradakı xarabalıqlardan əsər-əlamət qalmayacaq".
Türkiyəli ibtidai sinif şagirdi İğithan Öməroğlu da Şuşanın onda gözəl təəssüratlar yaratdığını bildirib:
"Bura gəlmək üçün prezidentə məktub yazmışdıq. Buralar çox gözəldir, qardaş ölkəni çox bəyəndik, sevdik. Hər yer çox gözəldir, Şuşa çox gözəl şəhərdir. Oraları təkrar erməni işğalından azad etdiyinizə görə çox şadıq".
Məhəmməd Alpaygül
Məktəblilərdən Məhəmməd Alpaygül isə deyib: " 4 A sinifinin şagirdiyəm. Dərsdə amerikalı bir uşağın Atatürkə məktub yazması barədə mətni öyrənirdik. Atatürk o şagirdə cavab yazıb. Biz də bundan təsirlənərək kimə məktub yazmaq barədə səsvermə keçirdik. Səsvermə nəticəsində ən çox səs Azərbaycana çıxdı. Biz də Azərbaycan prezidenti İlham Əliyevə məktub yazdıq. Məktubda Qarabağdan və Türkiyədəki yanğınlar zamanı bizə kömək etdiklərindən yazdıq. Məktubda ondan bir ədəd imzalı şəkil də istəmişdik. Amma o, bizi Azərbaycana dəvət elədi. Bunu eşidəndə çox sevindik. Nəhayət, Azərbaycana, Qarabağa gəlib bu gözəl yerləri öz gözlərimizlə gördük. Azərbaycan bu torpaqları geri alanda da özümü çox xoşbəxt hiss etmişdim".
Qeyd edək ki, dövlət başçısının müvafiq tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib. Onların sabah öz ölkələrinə qayıdacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.