CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lerikdə evi qəzalı hala düşən şəxslərlə bağlı tədbir görülüb

Sürüşmə nəticəsində evi yararsız vəziyyətə düşən sakinə müvəqqəti sığınmaq üçün çadır qurulub.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Fövqəladə Hallar Nazirliyinə (FHN) Lerik rayonunun Lərmərud kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, bununla əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lərmərud kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Həmçinin, Lerik rayonunun Dızdipok kənd sakini Əşrəfov Şirqasım Müseyib oğluna məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşın müvəqqəti yaşayışı üçün çadır ev qurularaq təhvil verilib.
Qeyd edək ki, bir müddət öncə Quba rayonunda torpaq sürüşməsi baş vermişdi. Hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb. Ötən gün səhər saatlarında başlayan torpaq sürüşməsini yaxınlıqda yaşayan kənd sakinləri müşahidə ediblər və aidiyyəti qurumlara məlumat verilib.
Quba Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, icra başçısı Ziyəddin Əliyev müvafiq qurumların əməkdaşları ilə hadisə yerinə baxış keçirib. Torpaq sürüşməsi 1 hektar ərazini əhatə edir və sürüşmənin aktivliyi azalıb. Kəndin üst hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrə çatır. Sürüşmə zonası evlərdən 300 metr aralıda yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.