SƏHİYYƏ

COVID pasportu ləğv ediləcək? - Rəsmi açıqlama

Bir çox məhdudiyyətlərin aradan qaldırılması müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər əsasında dəyərləndirilir.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Azərbaycanda COVID pasportunun ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər mərhələli şəkildə aradan qaldırılır.
"Bu, ölkədə COVID-19 infeksiyasının yayılması tezliyi əsasında müəyyənləşir. Bir çox məhdudiyyətlərin aradan qaldırılması müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər əsasında dəyərləndirilir. Ümid edirik ki, yaxın vaxtlarda verilən təkliflərlə bağlı da qərarlar qəbul ediləcək və digər məhdudiyyətlər də aradan qaldırılacaq", - Vüqar Qurbanov qeyd edib.
Xatırladaq ki, Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub. Sputnik Azərbaycan-a bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:
Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;
Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Azərbaycanda koronavirus: aktiv xəstə sayı 92 nəfərdir