CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cavanşir Feyziyev vəzifəsindən azad edilib

İndiyədək Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev olub. Bir müddət öncə deputat qalmaqal ilə gündəmə gəlmişdi.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişib. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.
“Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” parlamentin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, indiyədək Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev olub.
Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə boş idi.
Xatırladaq ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev onun və ailə üzvlərinin Londondakı bank hesablarında saxlanılan milyonlarla funt sterlinqin müsadirə edilməsi barədə məlumat yayan jurnalistləri təhqir edib. Onun tanınmış jurnalistlərin ünvanına böhtan və təhqir xarakterli ifadələr işlətdiyi müsahibə ölkə KİV-lərində dərc edilib.
Həm də Mətbuat Şurasının İdarə heyətinin üzvü olan Cavanşir Feyziyevin ifadələri sosial şəbəkələrdə və jurnalistlər arasında böyük etiraz doğurub. "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev sosial şəbəkədə Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verdiyini açıqlayıb və buna səbəb kimi Feyziyevin onun haqqında yazdıqlarını göstərib.
Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında deyilirdi ki, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi hazırkı dövrdə bəzi şəxslərin öz statusundan istifadə edərək media mənsublarına qarşı etik çərçivələrə sığmayan təhqir və ittihamedici ifadələrdən istifadə etməsi yolverilməzdir:
"Plüralizm, söz azadlığı, hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi vəzifəsindən və statusundan asılı olmayaraq, hər kəsi öz peşəkar funksiyalarını yerinə yetirən media və jurnalistlərlə münasibətlərində daha təmkinli, məsuliyyətli olmağa və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır".
Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı daha öncə Report-a açıqlamasında qeyd etmişdi ki, deputat Cavanşir Feyziyev və jurnalistlər arasında bu cür münasibətlərin yaranması onda təəssüf doğurur:
"Mən hansısa tərəfi günahlandırmaq və ya haqq qazandırmaq fikrində deyiləm. Həmkarımın Azərbaycanda kifayət qədər tanınan jurnalistlər barədə söylədiyi fikirlərini qəbul etmirəm. Onlar öz yollarını tutan, faktlara söykənərək baş vermiş hadisələri özlərinə məxsus şəkildə təqdim edən jurnalistlərdir. Onların əməllərində mən nə "xaricə işləmək" əməllərini qəbul edirəm, nə də onların kiməsə işlədiyini qəbul edirəm. Çünki onlar belə jurnalistlər deyillər. Hesab edirəm ki, gərək belə vəziyyət yaranmayaydı. Hər iki tərəfə çağırış edirəm ki, lütfən dayanın. Bundan o tərəfə getməyə ehtiyac yoxdur".
Sədr müavini deputatın məsələsinə İntizam komissiyasında baxılacağı ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini deyib:
"Bu məsələnin müzakirəyə çıxarılması üçün orada adıçəkilən jurnalistlər hansısa bir formada parlamentə müraciət etməlidirlər. Həmin müraciətdə təhqirlə bağlı hüquqi baxımdan yanaşmalar, əsaslandırmalar olmalıdır. Milli Məclisin rəhbərliyinin bu məsələyə hansı münasibət bəsləyəcəyi onun səlahiyyətinə aiddir. Əgər parlamentin rəhbərliyi tərəfindən məsələnin İntizam komissiyasında müzakirəsi məsləhət görülərsə, təbii ki, onda komissiya bu məsələyə baxa bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Milli Məclisin Şuşa iclasının vaxtı bəlli oldu