AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qarabağda minatəmizləmə tədqiqatlarında süni intellektdən istifadə edilir

Müharibənin yersəthi və yeraltındakı təhlükəli qalıqları qeydə alınır
Sputnik
BAKI, 14 aprel — Sputnik. Dövlət prioritetlərinə və siyasətinə uyğun olaraq, "Böyük Qayıdış" proqramının həyata keçirilməsi istiqamətində mina təhlükəsinin aradan qaldırılması və əlverişli yaşam şəraitinin yaradılması ilə əlaqədar fəaliyyət davam edir.
İşğaldan azad edilən Talış kəndi və Suqovuşan ərazilərindəki təmizlənmə sahələrinə dronlar gətirilib.
Böyük Britaniyanın "RPS Energy Ltd" şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar, Qarabağda mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. Bununla bağlı Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə razılaşma əldə olunub.
Razılaşmaya əsasən, layihə çərçivəsində ötən il ərzində süni intellektin istifadəsi ilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib.
Dronların üzərindəki geniş spektorlu (Multispectral), termal (Thermographics) və yüksək dəqiqlikli (RGB) kameralar bir-birini tamamlayaraq, ərazi üzrə məlumatların toplanılmasını təmin edir. Report-un xəbərinə görə, əldə edilən məlumatlar xəritə üzərində emal edilir və təhlil edilən ərazinin hansı növ partlayıcı qurğularla çirklənmə səviyyəsini müəyyən etmə imkanı yaradır.
Münaqişədən sonrakı mərhələdə Qarabağda külli miqdarda mina və PHS-lə yanaşı, yersəthi və yeraltındakı müharibənin digər təhlükəli qalıqları da qeydə alınır. Süni intellekt texnologiyasının tətbiqi vasitəsilə fərqli partlayıcı tərkibli və gövdəsi müxtəlif materiallardan hazırlanan qurğuların eyni ərazidə (qarışıq mina sahəsi) müəyyən edilməsini mümkün edir. Həmçinin, dronlar təhlil edilən layihələrin təyinatı üzrə uçuş trayektoriyasını icra etmək qabiliyyətinə malikdir.
Qarabağda minatəmizləmə əməliyyatlarında istifadə edilən dronların proqram təminatı ərazilərdə aşkar edilən yeni obyektlər üzrə yaddaşın yenilənməsi imkanı yaradır. Həmçinin, süni intellekt proqramı ərazilərin çirklənmə səviyyəsinə görə müxtəlif təmizləmə metodologiyalarının tətbiqini təmin edir.
Mina Sahələrinin Havadan Tədqiqatı - RAMS (Remote Aerial Minefield Survey) sistemi çirklənmiş ərazini təhlükəsiz ərazidən ayırd etmək imkanı verir. Tətbiq edilən sistem - Beynəlxalq Minatəmizləmə Standartları əsasında Qeyri-Texniki Tədqiqat və Texniki Tədqiqatın birləşməsini ehtiva edir.
Qeyd edək ki, innovativ texnologiyalar vasitəsilə uzaq məsafədən müəyyən edilən ərazinin çirklənmə miqyasına dair məlumatların alınması, təmizləmə əməliyyatlarının gedişatına müsbət töhfə verməsi gözlənilir. Mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi planlaşdırılan ərazi barədə məlumatlı olmaq - ANAMA əməkdaşlarının təhlükəsizlik qaydalarını yüksək səviyyədə təmin edəcək. Əldə edilən nəticələrə uyğun olaraq sahə əməkdaşlarının iş rejiminin təkmilləşdirilməsinə, eləcə də layihələrin icrasının daha səmərəli göstəricilərinə nail olmaq imkanı verir.
QARABAĞ
MN azad edilmiş ərazilərdə minatəmizləmə işini göstərdi - VİDEO
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.