CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuri Qaqarini kosmosa göndərən azərbaycanlı: O, sovet kosmik proqramının banisi idi

Uzun illər SSRİ-nin kosmik proqramlarına rəhbərlik edən həmyerlimiz, general-leytenant Kərim Kərimov haqqında iki film çəkmiş rejissor, Xalq artisti Vasif Babayev onunla bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşüb.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Keçmiş SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Sovet İttifaqında Kosmonavtika Günü kimi təsis olunub. 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması bu günü əlamətdar bir tarixə çevirib. Onu kosmosa yola salan isə azərbaycanlı general-leytenant Kərim Kərimov olub. O, Sovet kosmonavtikasının inkişafında xüsusi adı keçən şəxslərdən biri olmaqla yanaşı, sovet kosmik proqramının banilərindən biridir.
Qocaman rejissor, Xalq artisti Vasif Babayev uzun illər Kərim Kərimovla dostluq edib. Bu dostluğun yaranmasının maraqlı tarixçəsi var.
"O vaxtlar televiziyada kosmonavtika ilə bağlı verlişlərə geniş yer ayrılırdı. Yadımdadır, həmin verlişlər yayımlanarkən arxa fonda bir səs eşidilirdi, həmin şəxs kosmonavtlara uğurlar arzulayırdı. Nədənsə o səs mənə çox doğma gəlirdi, diqqətlə qulaq asırdım, ləhcəsindən rus olmadığını başa düşmüşdüm".
Həmin səsin kimə aid olması bir müddət Vasif Babayevə sirr olaraq qalır. Rejissor kimi nüfuz qazanması zamanla ona bu səsin izinə düşməyə, onun sahibini axtarmağa kömək edir. Beləcə, bir müddətdən sonra Vasif Babayev Moskvaya yola düşür. Bu səfərlərində onun əlaqələri daha da artır, özü üçün yeni dostlar qazanır, onların arasında kosmonavtika sahəsində çalışanlar daha çox üstünlük təşkil edir. Həmin şəxslərin kosmonavtika ilə bağlı xüsusi müəssisələrə girişləri belə var idi:
"Beləcə, bir müddət mənə sehrli təsir bağışlayan səsin kimə aid olması haqda məlumatlar əldə etməyə çalışdım. Öncə yeni tanış olduğum dostlar dedilər ki, həmin şəxsi tanısalar da, onun haqqında danışmağa, məlumat verməyə icazələri yoxdur. Lakin bir ay sonra həmin şəxslərdən biri mənimlə əlaqə saxladı. Dedi ki, kadrların arxa fonunda səsi eşidilən şəxs əslən Bakıdan olan general-leytenant Kərimovdur. Onun azərbaycanlı olduğunu öyrənəndə uşaq kimi sevinirdim".
Moskvaya növbəti səfəri zamanı Kərimovla ortaq dostluğu olan şəxslər, Vasif Babayevə sevindirici xəbər verirlər. Kərim Kərimov öz telefon nömrəsini verərək haqqında maraqlanan həmyerlisindən onunla əlaqə saxlamasını istəmişdi.
Beləcə, 1987-ci ildə Kərimovla Babayev şəxsən tanış olurlar, telefonla ilk tanışlıqdan sonra Kərim Kərimov Vasif Babayevi evinə qonaq çağırır, zamanla münasibətlər daha da sıxlaşır, doğmalaşır: "Dəfələrlə Kərimovun evində də olmuşdum, ailəsi ilə yaxından tanışlığım var. Bildiyiniz kimi, Kərim Kərimov uçuşlar üzrə mərkəzin rəhbəri idi, yəni idarəçilik onun əlində idi. Onun kabinetində iş mühiti ilə də tanış olmuşdum".
Qısa müddətdə Vasif Babayev Kərim Kərimov haqda film çəkmək qərarına gəlir. Bu fikir filmin qəhrəmanı tərəfindən də müsbət qarşılanır. Hətta filmin çəkilməsinə yardım etmək üçün Kərimov özü Vasif Babayevə əlaqə nömrələri, ünvanları verir. Vasif Babayevə filmin çəkilməsi ilə bağlı razılıq isə təxminən 2 ay sonra gəlir. O, Moskvaya dəvət olunur. Beləcə, Rusiyada tanınmış jurnalist olan müəliflərdən biri ilə birgə çalışmağa başlayır və 1989-cu ildə "Xahiş edirəm, hazırlıq haqda razılıq verin" filmi ərsəyə gəlir.
"Çəkilişləri üçün Kərim Kərimovu şəxsən Bakıya gətirtdim. Filmin böyük hissəsi Moskvada, müəyyən hissəsi isə Bakıda çəkilmişdi. " - V.Babayev deyir.
Lakin film ərsəyə gəldikdən sonra müəyyən kadrlar senzuraya məruz qalır. Filmdə tələbə kosmonavtların adları, Korolyovun şəkilləri, kosmonavtikaya aid müəyyən müəssisələrlə bağlı kadrlar kəsilir.
Həmsöhbətimiz deyir ki, Yuri Qaqarin Kərim Kərimovun tələbələrindən biri olub:
"Kərim Kərimov Sovet kosmonavtikasının rəhbərlərindən biri idi. Hətta Sovet kosmonavtikasının banisi Sergey Korolyov da ona tabe idi. Kosmonovtika ilə bağlı elmi işlərə Korolyov baxsa da, sovet kosmonavtikasının rəhbərliyi Kərim Kərimovda idi. Kərim Kərimov 25 il Sovet Kosmonavtikasının Dövlət komissiyasının sədri olub".
Vasif Babayevin sözlərinə görə, kosmosa ilk kosmonavt göndərməzdən öncə, Yuri Qaqarinə qədər 50-60 namizəd arasında seçim aparılır. Sonda 5-6 namizəd arasından Kərim Kərimovun da razılığı ilə Yuri Qaqarin seçilir: "Yuri Qaqarin kosmosa uçmazdan öncə də Kərim Kərimov onun yanında olub".
General-leytenant Kərim Kərimov. Dekabr, 1988-ci il
II Dünya Müharibəsində və ondan sonrakı dövrdə də Kərim Kərimov SSRİ üçün böyük işlər görüb.
"II Dünya müharibəsindən sonra Korolyov başda olmaqla 10-15 alim Almaniyanın raket istehsalı ilə məşğul olan şəhərlərində olurlar. Onlar digər raketlərin əsas hissələrini tapıb gətirirlər. Yəni bu raketlərin əsası alman raketləri olub. Alman raketləri müharibənin sonunda Londonun bəzi hissələrini dağıdırlar. Raketlər həmin vaxt tam şəkildə hazır olsaydı, almanlar müharibəni öz istədikləri kimi bitirə bilərdilər".
Vasif Babayev Kərim Kərimov haqda hələ sağlığında ona söz verdiyi ikinci filmi 2015-ci ildə, ölümündən 12 il sonra ərsəyə gətirir. Bu filmdə Moskva küçələrində generalla olan söhbətlər, həmçinin onun dəfn mərasimində kosmonavtların fikirləri də yer alır.
Qeyd edək ki, Kərim Abbasəli oğlu Kərimov, 14 noyabr 1917-ci ildə Bakıda anadan olub (əslən Şamaxıdandır), 29 mart 2003-cü ildə Moskva vəfat edib. O, sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991), Sovet kosmik proqramının banilərindən biri olub.
Kərimov uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı. O, kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır.
Onun babası görkəmli ictimai-siyasi xadim Əsədulla Əhmədov Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinə üzv seçilib. Bundan əvvəl Bakı şəhər dumasının üzvü olub.
1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu almışdı.
İlk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunub. 1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.