CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qida təhlükəsizliyinə dair yeni qanun gəlir - DETALLAR

Sənəddə xüsusi təyinatlı qida məhsulları, istehlakçıların hüquqlarının müdafiəsi və digər mühüm məsələlər öz əksini tapıb.
Sputnik
BAKI, 12 aprel — Sputnik. "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Qanun insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Sənəd ilkin istehsal, istehsal və emal edilən, idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.
Qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədləri aşağıdakılardır:
həyat və sağlamlığın, istehlakçıların hüquqlarının müdafiəsi;
qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması;
yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması;
qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması.
Bu qanun istehlakçıların hüquqlarının müdafiəsi sahəsində aşağıdakı münasibətləri tənzimləyir:
qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması;
istehlakçıları aldatmaqla barəsində saxta və (və ya) yalan məlumat verilən qida məhsullarının ilkin istehsalının, istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması;
qida məhsullarının istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınması.
Xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir:
uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;
gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları;
insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev 9 fəsil 40 maddədən ibarət layihənin “tarladan süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etdiyini söyləyib. Bu sahədə dövlətin vəzifələrinə toxunan komitə sədri sənədin nəzarət sisteminin təkmilləşdirilməsi, istehlakçıların hüquqlarının daha dolğun təmin olunması cəhətdən əhəmiyyətini vurğulayıb, layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, sertifikatlaşdırma kimi məsələlərin dəqiq və sadə mexanizmlərinin əks olunmasına diqqət çəkib.
Bu qanun dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.