BAKI, 12 aprel — Sputnik. Parlamentdə Elman Rüstəmovun Mərkəzi Bankın (AMB) İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclisin qərar layihəsinə baxılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Elman Rüstəmov həm də AMB-nin sədrliyindən azad olunacaq.
Qərar səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatı müzakirə edilib.
Təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.
Elman Rüstəmov 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı (hazırkı Mərkəzi Bank) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdi.
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — Azərbaycan Respublikasının mərkəzi bankıdır.
Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. Fərmanın qüvvəyə mindiyi gün (12 fevral tarixi) Bankın yaradılması günü kimi qeyd edilir.
Dövlətin mərkəzi bankı funksiyasının həyata keçirilməsi bankın adına da yenidən baxılmasını şərtləndirmiş və "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə o, "Azərbaycan Respublikasının Mərkəzi Bankı" kimi adlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.