BAKI, 12 aprel — Sputnik. İlon Maskın əsl istəyi Günəş sisteminin planetlərini fəth etmək deyil, o, informasiya imperiyası yaratmaqla Qərbdəki "fikirlərin ağası" olmaq və düşüncələr üzərində hökmranlığı əldə etmək istəyir. Bu barədə "Roskosmos"un baş direktoru Dmitri Roqozin RİA Novosti-yə bildirib.
"Bu kütləvi informasiya vasitələri onun öz raketləri ilə buraxılmış orbital qrup tərəfindən yayılacaq internetdən istifadə edəcəklər. "Qida zəncirinin" qurulmasının bütün məntiqi budur. Mən onun ən azı qərb dünyasının "fikir ağası" olmaq arzusu ilə idarə olunan biznes istedadına hörmət edirəm. Hətta ABŞ-ın prezidenti olmasa belə, o, əslində ona çevriləcək və bəlkə də təkcə ABŞ-ın yox", - deyə Roqozin müsahibəsində bildirib.
"Marsın fəthi və bütün qalan şifahi cəfəngiyatlar isə, çox güman ki, bizim zövqümüzə görə müasirimiz olduğu ortaya çıxan qeyri-adi "homo sapiens 2.0", "uzaqgörən-məsih"in təbliğat təsirini dəstəkləmək məcburiyyətində olan "müşayiətedici şeylər"dir.
Roqozinin sözlərinə görə, Mask hakimiyyətə çatmaq üçün "Falcon 9" raketlərini ixtira edib. Onlar 40.000-dən çox qurğuya malik olacaq "Starlink" orbital qrupunun peyklərini buraxmaq üçün lazımdır. Peyklər interneti yaradacaq və Roqozinin proqnozlarına görə, Maskın yaxın gələcəkdə üzərində nəzarəti ələ keçirəcəyi KİV-lər tərəfindən istifadə olunacaq.
"O, təkcə ABŞ-da deyil, həm də dünyada çox nüfuzlu bir şəxs olmağa yönəlib. Düşünürəm ki, əgər o, Cənubi Afrikada deyil, ABŞ-da anadan olsaydı, mütləq prezident seçkilərinə gedərdi və seçilmək şansı çox böyük olardı. O, yerli amerikalı olmadığına görə bunun mümkünsüzlüyünü başa düşür və fərqli hərəkətlər alqoritmini seçib", - deyə Roqozin izah edib.
"Roskosmos"un baş direktoru həmçinin bildirib ki, "Express-RV" genişzolaqlı internet peyklərinin yüksək elliptik orbitdə yaradılmasına aprelin sonuna kimi başlanacaq.
"Biz aprelin sonundan gec olmayaraq ən azı dörd "Express-RV" aparatından ibarət sistemin yaradılması üzrə işə başlamağı planlaşdırırıq. Onlar yüksək elliptik orbitdə uçacaqlar və Rusiya Federasiyası üçün 2025-ci ilin sonundan etibarən geniş zolaqlı internetə giriş rejimi yaradacaqlar", - deyə Roqozin qeyd edib.
Qurum rəhbəri izah edib ki, "Express-RV" aparat sistemi "Starlink" və ya "OneWeb" kimi qlobal xarakter daşımayacaq, çünki onun əsas vəzifəsi təhlükəsizliyin və internetə çıxışın, sabit rabitənin, o cümlədən Arktika və Şimal dəniz marşrutu zonalarında təmin etməkdir:
"Bizim qeyri-tərəfdaşlarımız kimi bütün Yer kürəsində xoşagəlməz rejimləri devirmək və hərbi əməliyyatlar aparmaq kimi planlarımız yoxdur".
Bu yaxınlarda "Kosmik rabitə" dövlət müəssisəsinin baş direktoru Aleksey Volin bildirib ki, şirkət 2025-ci ildə orbitə çıxarmaq üçün 2024-cü ildə dörd "Express-RV" peykinin hazırlanacağına ümid edir.
Roqozin həmçinin "Sfera" çoxpeykli orbital qruplaşmasının yaradılması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu məqsədlə 2024-cü ildən sonra hər il 10 milyard rubl məbləğində maliyyə tələb olunacaq.
"Bu sistemi planlaşdırılmış müddətdə ərsəyə gətirmək üçün hər il təxminən 10 milyard rubl məbləğində görüləcək işləri maliyyələşdirmək kifayət edəcək", - deyə "Roskosmos"un baş direktoru müsahibəsində bildirib.
O, əlavə edib ki, hazırda söhbət böyük və bahalı peyklərdən getmir, aşağı və orta orbitlər üçün, çoxlu sayda yüngül və ucuz aparatlar lazımdır.
"Biz bu məsələni Maliyyə Nazirliyi ilə müzakirə etdik, anlaşma əldə olundu, düşünürəm ki, hər şey yaxşı olacaq", - deyə Roqozin vurğulayıb.
"Sfera" çoxpeykli orbital qruplaşmasının layihəsi üç il ərzində bir neçə dəfə təsdiq olunmaq üçün hökumətə göndərilib. Ötən ilin sonunda əldə edilən maliyyə 2022-2024-cü illər ərzində layihəyə hər il 7 milyard rubl ayrılacağını nəzərdə tutur.
Ümumilikdə orbitə 380-ə yaxın peyk buraxılacaq. Sistemə yeddi "Express" aparatı, dörd "Express-RV", genişzolaqlı internetə çıxış üçün 12 "Skif" peyki və əşyalar interneti üçün 264 "Marafon" peyki daxil olacaq.
Həmçinin "Sfera"ya iki "Yamal" rabitə peyki, üç "Smotr" məsafədən zondlama peyki, 84 "Berkut-O" və "Berkut-VD" optik müşahidə aparatı, 12 "Berkut-X" və "Berkut-XLP" radiolokasiya cihazları daxil olacaq.
İlk "Skif-D" aparatının buraxılması "Qonets-M" rabitə peykləri bloku ilə birlikdə 2022-ci ilin payızına planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.