CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özbəkistan və Azərbaycan dəmir yolları ilə bağlı hansı addımlar atılacaq?

Özbəkistan və Azərbaycan dəmir yolları qurumları rəhbərləri iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini nəzərdən keçiriblər.
Sputnik
BAKI, 11 aprel — Sputnik. Daşkənddə Özbəkistan və Azərbaycan dəmir yolları qurumları rəhbərlərinin görüşü olub. Sputnik Azərbaycan ADY-nin rəsmi saytına istinadla xəbər verir ki, görüşdə "Özbəkistan Dəmir Yolları" SC ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.
Tərəflər "Asiya-Sakit okean ölkələri – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa" beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan səmərəli və faydalı fəaliyyətə diqqət çəkərək, iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini də nəzərdən keçiriblər.
Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması, təmiri üçün texniki və texnoloji yardımın göstərilməsi, Azərbaycan və Özbəkistan ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir. Görüş iştirakçıları mövcud vəziyyətlə əlaqədar beynəlxalq və multimodal nəqliyyat dəhlizlərinin qarşılıqlı fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Bildirilib ki, tərəflərin əlaqələndirilmiş və qarşılıqlı fəaliyyəti yükdaşımaların canlanması və həcminin artırılmasına, konteyner qatarlarının keçidinin sürətləndirilməsinə və kombinə edilmiş yükdaşımaların təşkilinə imkan yaradır.
Tədbir çərçivəsində daşıma həcminin artırılması, eləcə də ikitərəfli məsələlərin həlli məqsədilə dəmir yolu rəhbərlərinin başçılıq etdiyi İşçi qrup yaradılıb. Tərəflər İşçi qrupun növbəti iclasının aprelin sonunda Bakıda keçirilməsi barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.