BAKI, 11 aprel — Sputnik. Ötən həftə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Rusiya XİN rəhbərinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun taleyi ilə bağlı açıqlaması maraq kəsb etməyə bilməzdi. Sergey Lavrov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "üçlüyünün" gələcək taleyinin necə olacağını bilmir. Rusiya XİN rəhbəri bu qeyri-müəyyənliyin səbəbini ABŞ və Fransanın mövqeyi ilə əlaqələndirib.
Minsk Qrupu olmadan Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənmə imkanları ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu və politoloq Tural İsmayılov öz fikirlərini bildiriblər.
Millət vəkili Elşad Mirbəşiroğlunun sözlərinə görə, Minsk Qrupu münaqişənin mövcud olduğu otuz il ərzində heç bir səmərəli fəaliyyət göstərə bilmədi. O qeyd edib ki, bu təşkilatın fəaliyyəti əksər hallarda Ermənistanın işğalçılıq siyasətinin leqallaşdırılmasına xidmət edirdi.
Elşad Mirbəşiroğlu deyib ki, həm ABŞ, həm də Fransa separatçı rejimlə sıx əlaqələr qururdu: "Mən ATƏT-in Minsk Qrupunu qeyri-effektiv platforma hesab edirəm. Otuz ilə yaxın fəaliyyət göstərən bu Qrupun işi daha çox deklarativ oldu. Onlar artıq tarixdə qalmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç vaxt obyektiv münasibət ortaya qoymadılar. Minsk Qrupu münaqişənin tənzimlənməsi ilə məşğul olsaydı, indi tamam başqa mənzərə olardı".
Millət vəkil qeyd edib ki, ATƏT-in Minsk Qrupu hər zaman münaqişənin predmeti haqqında fikir söyləməkdən yayınmağa çalışıb. Belə olan halda o, səmərəli fəaliyyət göstərə bilməzdi.
Elşad Mirbəşiroğlu Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında üç sənədin imzalanmasını xatırladıb. O bildirib ki, bu gün Azərbaycanla Ermənistan arasında davam edən danışıqlar prosesində o sənədlərə istinad olunur: "ATƏT-in Minsk Qrupunun reabilitasiyası Ermənistanın maraqlarına xidmət edir. Ermənistan mümkün vasitələrlə yekun sülh sazişini imzalamaqdan yayınmağa çalışır".
"Azərbaycan Ermənistanın dağıdıcı və pozucu fəaliyyətlərinə imkan verməyəcək. Ölkəmiz yekun sülh sazişinə necə çatmaq olar sualına öz praktiki addımları ilə cavab verir. Prinsipial şərtlər təmin olunmadan yekun sülh sazişi imzalana bilməz. Və bu şərtlərin təmin olunması üçün ATƏT-in roluna gərək yoxdur", - deyə millət vəkili vurğulayıb.
Politoloq Tural Hüseynov isə bildirib ki, Rusiya XİN rəhbərinin hazırda baş verən proseslər fonunda ATƏT-in Minsk Qrupu haqqında səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir.
O hesab edir ki, Minsk Qrupunun fəaliyyəti münaqişənin ədalətli həllinə nail olmaq üçün yetərli olmadı:
"Tam əksinə olaraq, biz bu otuz illik dövrdə həmsədrlərin fəaliyyətsizliyinin şahidi olduq. Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb və Minsk Qrupunun fəaliyyətinə ehtiyac qalmayıb. Azərbaycan post-münaqişə dövrünü yaşayır. Azərbaycan və Ermənistan arasında sülh və etimad mühitinin qurulması ilə bağlı işlərin görüldüyü bir dövrdə Minsk Qrupuna da ehtiyac qalmır".
"Nəzərə almalıyıq ki, Qərb və Rusiya münasibətlərindəki soyuqlaşma regional proseslərə yanaşmalara da təsirsiz ötüşməyib. Bu baxımdan, həm ATƏT-in Minsk Qrupunda, həm də digər platformalarda müştərək fəaliyyət o qədər də effektiv deyil", - deyə politoloq bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.