BAKI, 10 aprel - Sputnik. Avstriya kansleri Karl Nehammer Rusiyaya səfər etməyi planlaşdırır.
Bu barədə Avstriyanın “Kronen Zeitung” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, 11 apreldə baş tutacaq səfər zamanı Kansler Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bazar ertəsi, aprelin 11-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Avstriya kansleri Karl Nehammer arasında danışıqlar planlaşdırılır.
Avstriya kansleri Karl Nehammer Twitter hesabında Putinlə müzakirə edəcəyi mövzulara toxunub:
“Sabah Moskvada Vladimir Putinlə görüşəcəm. Biz hərbi baxımdan neytralıq. Bizə humanitar dəhlizlər, atəşkəs və hərbi cinayətlərin tam araşdırılması lazımdır”.
Hökumət başçısı bu səfərin Moskva və Kiyev arasında dialoqun inkişaf etdirilməsi məqsədini daşıdığını bildirib. Qeyd edilib ki, səfər Avropa İttifaqının müvafiq qurumları ilə razılaşdırılıb.
Münaqişə başlayandan rəsmi Vyana özünün hərbi neytrallığını dəfələrlə vurğulasa da, əxlaqi, siyasi və diplomatik sahədə məsələyə biganə qalmayacağını bəyan edib. Aprelin 9-da gözlənilmədən Kiyevə səfər edən K.Nehammer qeyd edib ki, Moskva səfərində əsas hədəfi Ukraynadakı insanlara kömək etmək, hərbi əməliyyatların dayandırılmasına və sülhə nail olmaqdır.
Qeyd edilməlidir ki, fevralın 24-dən bəri ilk Avropa İttifaqı üzvünün hökumət başçısı qismində K.Nehammer səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşmək imkanına malik olacaq. K.Nehammerin sözlərinə görə, Moskva səfəri onun şəxsi təşəbbüsü əsasında keçiriləcək və bu barədə qərarı hələ Kiyevə səfəri planlaşdırılarkən verib.
Xatırladaq ki, Avstriya kansleri Karl Nehammer aprelin 9-da Kiyevə səfər edərək Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.
Ərdoğan kanslerlə nə danışıb?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməzdən əvvəl Avstriya kansleri Karl Nehammerlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.
Danışıqlar zamanı Türkiyə-Avstriya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional problemlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
“Prezident Ərdoğan Türkiyə ilə Avstriya arasında son vaxtlar yüksək səviyyəli təmaslardan məmnunluğunu ifadə edib. Prezident Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə davam edir”, - Report-un xəbərinə görə, Türkiyə prezidentinin ofisindən bildiriblər.
Ərdoğan Avstriya kanslerinə bildirib ki, Ankara və Vyana təbii qaz tədarükü sahəsində əməkdaşlığı gücləndirə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.