SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycana çağırış etdi

Vaşinqton Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb.
Sputnik
BAKI, 10 aprel - Sputnik. Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmağa sadiq olduğunu açıqlayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında deyilir.
ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə, hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb.
“Birləşmiş Ştatlar bu təşəbbüslərdə, Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”, - Dövlət Departamentindən əlavə ediblər.(Report)
Qeyd edək ki, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunub.
Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.
Görüş zamanı humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub.
Hələ bir il bundan öncə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüs və bir müddət öncə tərəfimizdən təqdim edilən baza prinsipləri əsasında iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verilib.
İki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsusda, cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb.
Həmçinin iki ölkə arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən həm dəmir yolları, həm də avtomobil yollarının açılmasının əhəmiyyəti qeyd edilib. Aİ-nin nəqliyyat bağlantı infrastrukturunun inkişafını dəstəkləməyə hazır olduğu bir daha bəyan edilib.
Kreml Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına hazırlığı müsbət qiymətləndirib və alqışlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, proses yetəri qədər uzundur, lakin belə bir sənədin imzalanması istiqamətində irəliləyişə nail olmaq çox müsbət bir fakt olmaqla yanaşı həm də təqdirəlayiqdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Kreml Brüssel danışıqlarına münasibətini açıqladı