PAYTAXT XƏBƏRLƏRİ

Gecə klubunda partlayış zamanı xəsarət alanlardan daha biri dünyasını dəyişdi

Ümumilikdə stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.
Sputnik
BAKI, 9 aprel - Sputnik. Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib. TƏBİB-dən verilən məlumata görə, o, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.
Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib.
Hazırda tibb müəssisələrində ümumilikdə 12 nəfər müalicə alır. Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.
Baş Prokurorluq da Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.
Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb.
Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.
Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, xəsarət alan şəxslərdən hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Ümumilikdə stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
VİDEO
Paytaxtın gecə klubunda partlayışın nəticələri