BAKI, 9 aprel — Sputnik. Regional əlavə ödəniş imkanları yarana bilər. Söhbət daha çox Çin yuanın gücünün artmasından gedir. Çinin sanksiyalara qoşulmaması Rusiyanın Çinlə yuan üzərindən əməliyyatların aparılmasını daha da gücləndirəcək.
Bu sözləri iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a qlobal valyuta sistemindən danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya ilə ticarət etmək istəyən digər ölkələrin də yuan vasitəsilə ticarətini qurmağa cəhd etməsi dünya valyuta bazarının fraqmentləşdirilməsinə və ayrıca bir bölgədə yuanın daha çox istifadə olunmasına səbəb ola bilər:
"Amma bu, o demək deyil ki, dollar dünya ticarətində öz aparıcı rolunu çox yaxın zamanda itirə bilər. Çünki hələ də dünya ticarətinin 70 faizə yaxını dollar üzərindən bağlanmış müqavilələrlə aparılır".
Çin yuanı getdikcə daha çox önə çıxa bilər
Ekspertin fikrincə, son zamanlar dollar indeksinin yüksəlməsi, dolların dünyada bahalaşması onun cəlbediciliyini artıra bilər. Bu, hətta bir müddət ölkələri dollardan daha çox istifadə etməyə, dollar ehtiyatlarını artırmağa sövq edə bilər. Amma dünyada ayrı-ayrı bölgələrdə digər valyutaların da gücünün və çəkisinin artması gözlənilir. Çin yuanı getdikcə daha çox önə çıxa bilər.
"Qazprombank"a sanksiyalar tətbiq edilməyib
"Avropa təbii qazı Rusiyadan rublla alacaqmı" sualına cavabında ekspert dəyişən bir şeyin olmadığını söyləyib. İqtisadçının sözlərinə görə, bir az əməliyyatların proseduru dəyişir, yəni dollar və avro ilə Rusiyanın "Qazprombank"ında açılan hesaba indiyədək necə ödənişlər olurdusa, elə də olacaq. "Qazprombank" özü konvertasiyanı həyata keçirib, "Qazprom"a qazın pulunu rublla ödəyəcək. "Qazprombank"a sanksiyalar tətbiq edilməyib. Formal olaraq heç nə dəyişmir, sadəcə xarici şirkətlərə ikili hesabların açılması məcburiyyəti gətirilir.
Qlobal valyuta sisteminin kiçik səviyyədə parçalanması mümkündür
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmisi Gita Qopinat bildirib ki, Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyaları ABŞ dollarının dominantlığını tədricən zəiflədə və beynəlxalq valyuta sisteminin daha da parçalanması ilə nəticələnə bilər. Dollar əsas qlobal valyuta olaraq qalmaqda davam edəcək, lakin qlobal valyuta sisteminin kiçik səviyyədə fraqmentasiyası mümkündür.
Rəqəmsal valyutalardan istifadə genişlənəcək
O, Ukraynada baş verənlərin rəqəmsal maliyyənin, o cümlədən kriptovalyutaların və mərkəzi bankların rəqəmsal valyutalarının istifadəsinin genişlənməsinə təkan verəcəyini bildirib. Qlobal ticarətdə digər valyutaların daha çox istifadəsi mərkəzi bankların ehtiyat aktivlərinin şaxələndirilməsinə səbəb ola bilər.