CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Belçikada "Kinder"in istehsalı dayandırıldı

Ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də "Ferrero" şirkətinin bəzi məhsullarının satış şəbəkələrindən geri çağırılması ilə bağlı sahibkarlara müraciət edib.
Sputnik
BAKI, 9 aprel — Sputnik. Belçikanın Qida Təhlükəsizliyi Agentliyi İtaliyanın "Ferrero" şirkətinin "Kinder" şokoladları istehsal edən zavodunun fəaliyyətini dayandırıb.
Sputnik Azərbaycan xəbər verir ki, Agentlik bunu istehsalçı şirkətin qidada aşkar edilmiş salmonella bakteriyalarına dair ətraflı izahat verməməsi ilə izah edib.
Bu səbəbdən Arlon şəhərindəki zavodda istehsal dayandrılıb, "Kinder" markalı məhsullar satışdan yığışdırılıb.
Qeyd edək ki, Avropanın bir sıra ölkələrində 10 yaşadək uşaqlarda, "Kinder" şokoladlarından salmonellaya yoluxma halları qeydə alınıb.
Bununla bağlı olaraq müxtəlif ölkələrin bazarlarında bu şirniyyatların satışı qadağan olunub və istehlakçılar məlumatlandırılıb.
Xatırladaq ki, ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də "Ferrero" şirkətinin bəzi məhsullarının satış şəbəkələrindən geri çağırılması ilə bağlı sahibkarlara müraciət edib.
Belə ki, İtaliyanın "Ferrero" şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul – 7 oktyabr 2022-ci il tarixli bəzi məhsullarında salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.
AQTA tərəfindən aparılan araşdırmalar zamanı həmin dövrü əhatə edən məhsulların ölkəmizə də idxal olunduğu halları müəyyənləşdirilib. Eyni zamanda Agentliyə 6 aprel tarixində RASFF vasitəsilə (Avropanın Qida və Yem üzrə Sürətli Xəbərdarlıq Sistemi) bununla bağlı bildiriş daxil olub.
Ölkəmizə idxalı zamanı bu məhsullarda risk əsaslı nəzarət tədbirləri çərçivəsində aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq, həmçinin salmonella bakteriyasının törədicisi aşkarlanmasa da, "Ferrero" şirkəti tərəfindən həmin partiyaların əsas satış bazarlarından geri çağırılması və məhsulun həssas əhali qrupu tərəfindən istehlak edilməsi nəzərə alınaraq, agentlik tərəfindən sözügedən dövrü əhatə edən məhsulların dövriyyədən çıxarılması, geri çağırılması ilə bağlı sahibkarlara rəsmi məktublar göndərilib.
AQTA bəyan edib ki, "Ferrero" şirkətinə məxsus son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul – 7 oktyabr 2022-ci il tarixli qeyd olunan məhsulların idxalçı şirkətlər tərəfindən geri çağırılması qısa müddətdə təmin olunmalı və bununla bağlı Agentliyə məlumat verilməlidir.
Agentlik qabaqlayıcı tədbirlər çərçivəsində insanların həyat və sağlamlığının qorunması məqsədilə istehlakçıları Belçikada istehsal edilən və son istifadə müddəti yuxarıda qeyd olunan tarixləri əhatə edən bu məhsulları istehlak etməməyə çağırır, həmçinin Belçikada istehsal edilən, son istifadə müddəti həmin dövrə aid olan məhsulları satış şəbəkələrində aşkar etdikdə AQTA-nın "1003 – Çağrı Mərkəzi"nə məlumat verilməsini xahiş edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Uşaqları zəhərləməyək: Qonşularımız da "Kinder" şokoladlarına "stop" dedi