PAYTAXT XƏBƏRLƏRİ

Bayıl yamacında sürüşməyə qarşı fundemental istinad divarları qurulur - Rəsmi

Sputnik
BAKI, 9 aprel — Sputnik. Bakıda iki sürüşmə sahəsində istinad divarları tikilir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib. O, bildirib ki, Bayıl yamacında fundemental istinad divarları qurulur:
"Bayıl yamacında 2021 ilin yanvar ayının 29-da sürüşmə baş vermişdi. İndi proses yetərincə səngiyib. Hazırda ərazidə divarların qurulması prosesi davam edir. Bayıl yamacında sürüşmə aktiv fazada deyil".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Rəisi Əli Əliyev
Ə.Əliyev onu da qeyd edib ki, Bayıl yamacında evlərə hazırda ciddi təhlükə yoxdur:
"Evlər sürüşmə kütləsinin üstündə deyil. Orada tikilən evlər sürüşmə daşından arxadadlr. Hazırda sürüşmə prosesinin qarşısını almaq üçün bərpa-bərkidici işlər görülür".
Xidmət rəisi onu da əlavə edib ki, anoloji iş Xətai rayonunda da davam etdirilir:
"Xətaidə qəbiristanlığın altında da istinad divarı tikilir. Ora da sürüşmə sahəsi olduğundan sürüşmənin qarşısını almaq üçün bərkitmə işləri aparılır".
Xatırladaq ki, Bakıda Nübar yaşayış massivində zəif aktivlik olduğu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən məlumat verilmişdi.
Xidmətin rəisi Əli Əliyev, bildirib ki, hazırda Nübar yaşayış massivindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur, ərazidə baş verən sürüşmənin geoloji əsası olsa da, antropogen təsirlər də var:
"Ərazidə sürüşmə daha çox antropogen təsirlərdən baş verir. Yamacın tikintiyə görə kəsilməsi, tullantı sularının idarə olunmaması sürüşmənin aktiv fazaya keçməsinə səbəb olur". Ə.Əliyev onu da bildirib ki, hazırda Abşeron yarımadasında sürüşmə sahələri əsasən Badamdar qəsəbəsində, Nübar yaşayış massivi və Masazır ərazisində Zəligölü sahəsi, Zığ-1, Zığ-2 və Xətai rayonundakı qəbiristanlığın ərazisində qeydə alınıb. Bu ərazilərdə davamlı monitorinqlər icra edilir.
Xatırladaq ki, bir neçə gün öncə Quba rayonun Küsnətqazma kəndində sürüşmə qeydə alınıb. Torpaq sürüşməsi 1 hektar ərazisini əhatə edir və sürüşmənin aktivliyi azalıb. Kəndin üst hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrdə çatır. Sürüşmə zonası evlərdən 300 metr aralıda yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HADİSƏ
Son yağıntılar sürüşmə zonalarına necə təsir edəcək?