BAKI, 8 aprel — Sputnik. Dərman vasitələri ilə bağlı qaydalara dəyişiklik edilib. Belə ki, yeni qaydalara əsasən bəzi qidaların müxtəlif xəstəliklərə qarşı müalicə məqsədilə satışının qarşısı alınacaq. Yəni C, D və digər belə vitaminlər apteklərdə dərman vasitəsi kimi satılmayacaq.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov "Xəzər TV"yə açıqlamasında bildirib.
Azərbaycanda tətbiq olunacaq bu təcrübə artıq 10 ildir ki, bir çox ölkələrdə mövcuddur. Belə olan halda sual yuaranır: bizim istehlakçılar vitaminlərin dozadan artıq qəbulunun ziyanlarından məlumatlıdırmı, yaxud da, əczaçı olmadan düzgün vitamin seçə biləcəklərmi?
Qida mühəndisi İsa Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu qida əlavələri vücuda lazım olandan daha çox qəbul edilərsə, zərərli ola bilər:
"Bu qida əlavələrinin marketlərdə satılmasında heç bir problem yoxdur. Yetər ki, onların istifadə qaydasına düzgün riayət edilsin. Sarımsaq, soğanı belə çox yedikdə onun zərərlərini görürük. Ümumiləşdirərək onu deyə bilərəm ki, bu qida əlavələri dozasından artıq qəbul edildikdə zərərli təsirləri olacaq".
Dövlət Gömrük Hospitalının həkimi Nərgiz Kərimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müxtəlif ölkələrdə 10 ildir ki, mövcud olan bu təcrübə Azərbaycanda da reallaşa bilər:
"Məsləhət görərdim ki, bu qida əlavələri apteklərdən yığışdırıldıqdan sonra, marketlərdə satılmağa başladığı müddətdə də onun dozası həkim tərəfindən təyin olunsun. Çünki vitaminlərin əsas əks təsiri allergik reaksiyalarla bağlı olur. Bundan başqa, bəzi vitaminlərin artıqlığı mədə-bağırsaqda problemlər yaradır. Məsələn, D vitamininin qədərindən artıq qəbulu mədə-bağırsaqda problemlər yaradır".
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qida əlavələri marketlərdə satılarsa, buna paralel olaraq istehlakçı da maariflənməlidir:
"Bu təcrübə başqa ölkələrdə olsa da, düşünürəm ki, Azərbaycanda vitaminlər marketlərdənsə, apteklərdə satılsa, daha yaxşı olar. Çünki hər hansı vitamin almaq istəyən bunun üçün əczaçıdan məsləhət alır. Yəni, vitaminlər qədərindən artıq istehlak edildikdə, fəsadlar yarada bildiyi üçün onlara bir qida məhsulu kimi baxılmamalıdır".
Mütəxəssis hesab edir ki, bu məhsulların apteklərdə satışının qadağan olunaraq marketlərdə satışının təşkilinə hansısa zərurət yoxdur:
"Düşünürəm ki, bu dəyişikliklər marketlərin istehlakçılar üçün qurduğu hiylə də ola bilər. Təbii ki, burada da məqsəd daha çox pul qazanmaqdır. Çünki marketlərin əsas məqsədi istehlakçını qapıdan içəri salmaqdır".
Qeyd edək ki, mövzu ilə əlaqədar olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sorğumuz vasitəsi ilə bir sıra nüanslara aydınlıq gətirəcək və biz həmin məlumatlarla oxucularımızı tanış edəcəyik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.