BAKI, 8 aprel — Sputnik. Aprelin 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri və bu xüsusda, Brüsseldə keçirilmiş yüksək səviyyəli görüşü müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu təşkil edib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb. Üçtərəfli görüşdən sonra elan olunan bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər.
Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.