TƏHSİL

DİM Gürcüstanda Azərbaycan dili müəllimlərinə dəstək verəcək

Gürcüstan məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün imtahanda istifadə edilən tapşırıqlar artıq hazırdır.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi Gürcüstanda Azərbaycan dili müəllimlərinin attestasiyasına dəstək verəcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze, həmçinin hər iki qurumun rəhbər şəxslərinin iştirakı ilə onlayn konfransda deyilib.
Tərəflər arasında daha əvvəl imzalanan Anlaşma Memorandumu yenilənib, görüşdə buraxılış imtahanlarının nəticələrinin təhlili və müzakirəsi istiqamətində tədbirlərin keçirilməsinə qərar verilib.
Yenilənən memorandumda bir sıra məsələlər əksini tapıb. MQİM-in ekspertləri tərəfindən DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci sinif səviyyəsi üzrə) istifadə etdiyi test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, DİM-in köməkliyi ilə gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə sual bankının hazırlanması məsələləri də Memorandumda əksini tapıb.
Qeyd edək ki, DİM və MQİM arasında ilk Anlaşma Memorandumu 20 may 2020-ci ildə imzalanıb və daha sonra 26 fevral 2021-ci il tarixində yenilənib.
Ötən iki il ərzində gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün peşə-ixtisas imtahanında istifadə edilən tapşırıqlar hazırlanıb, MQİM-in Azərbaycan dilinə tərcümə edilən riyazi və verbal məntiq testləri təkmilləşdirilib.
Xatırladaq ki, qurumlar arasında imzalanmış Anlaşma Memorandumu Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolunun müddəalarının icrasına da töhfə verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Xaricdə təhsil alan 27 nəfərin diplomu tanınmayıb