BAKI, 7 aprel — Sputnik. Kreml Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına hazırlığı müsbət qiymətləndirir və alqışlayır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bu vəziyyəti müsbət qiymətləndirib: "Aydındır ki, proses yetəri qədər uzundur, lakin belə bir sənədin imzalanması istiqamətində irəliləyişə nail olmaq çox müsbət bir fakt olmaqla yanaşı həm də təqdirəlayiqdir".
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb. Üçtərəfli görüşdən sonra elan olunan bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər.
Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.