SƏHİYYƏ

Diabet məhsulları saxtadır - Birlik sədrindən iddia

Birlik sədri deyir ki, dükanlarda satılan bu məhsullar istehlakçıları tora salmaqdan başqa heç bir işə yaramır və daha çox zərərlidir.
Sputnik
BAKI, 7 aprel — Sputnik. "Təklif edirəm ki, marketlərdəki diabet məhsullarından ibarət piştaxtalar yığışdırılsın. Ofisimizdə bu cür məhsullara aid nümunələr var".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, hazırda ölkədə diabet xəstələri üçün müxtəlif adda 200-dək məhsul satılır: "Düşünürəm ki, bu məhsullar elmi tədqiqatdan keçmədən, heç bir tədqiqat aparılmadan istehlakçıları aldatmaq məqsədi ilə satılır. Bu məhsulları satarkən adını da qoyurlar ki, guya şəkəri tənzimləyir. Diabet xəstələri üçün nəzərdə tutulan şəkər tozu ilə bağlı əlimizdə sənədlər var. Bu məhsulların heç bir faydasının olmadığını sübut etmişik. Diabet xəstələri üçün nəzərdə tutulan şəkər tozu adi şəkər tozu qədər zərərlidir".
Eyyub Hüseynov deyir ki, məhsulların markalanmasında da bir sıra problemlər var: "Elə məhsullar markalanarkən onun üzərində müəyyən faydaları qeyd olunur. Məsələn, paket halında olan darçının üzərində onun 13 dərdin dərmanı olması yazılır. Bütün bunlar insanların aldadılmasından başqa bir şey deyil. Düşünürəm ki, qida təhlükəsizliyi haqda qanun işə başlayandan sonra bu məsələlərə son qoyulacaq".
Qeyd edək ki, bu dəyişikliklərlə yanaşı Qida Təhlükəsizliyi haqqında qanun layihəsində bəzi dəyişikliklər də nəzərdə tutulur. Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov bununla bağlı "Xəzər TV"yə açıqlamasında bildirib. Yeniliklərə həmçinin istehlakçıların hüquqlarının qorunması məsələləri ilə bağlı əlavələr də daxil ediləcək.
Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir.
Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Beynəlxalq Diabet Federasiyasının (IDF)məlumatına görə 187 milyondan çox insan isə hələdə diabet olmasından xəbərsizdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Vaksinlə bağlı şəkərli diabet xəstələrinə xəbərdarlıq