Rəşad Süleymanov pinəçidir. 20 ildən artıqdır ki, bu sənətlə məşğuldur. Uşaq yaşlarından bu peşəyə yiyələnən sənətkarla elə öz emalatxanasında həmsöhbət olduq. Sənətkar sənətinə gəlişi, peşəsinin çətinlikləri haqqında Sputnik Azərbaycan-a bəhs edib: "1995-ci ildə başladım. Ustadım rəhmətlik Şamil dayını Bakıda tanımayan yox idi. Onun xeyli şagirdi olub. Amma təəssüf ki, mən şagird yetişdirə bilmədim".
Usta təəssüf hissi ilə qeyd edir ki, bu gün gənclər bu sənətə yiyələnmək istəmir: "Gənclər işsizlikdən şikayət edirlər. Amma bir işin qulpundan yapışmaq istəmirlər. Gəlirlər bir-iki gün baxıb sonra çıxıb gedirlər. Düzdür, çirkli işdir. Amma çörəkli işdir. Çəkməçinin həmişə çörəyi olub".
Həmsöhbətimizin bu peşəyə yiyələnməsinin maraqlı tarixçəsi var. O, bu sənətə az yaşlarından başlayıb: "Bir gün ayaqqabım yırtılmışdı. Onda 15 yaşım var idi. Qıyıqla sapı götürdüm, başladım tikməyə. Baxdım ki, alınır. Sonra Şamil dayının yanına gəldim, bu sənəti öyrənməyə başladım. O gündən başladım işləməyə. Şamil dayı öz tikiş alətlərini də mənə bağışlayıb. Hansı ki, o alətlər, məsələn kombayn Bakıda heç bir emalatxanada yoxdur".
Pinəçi ayaqdan xoşagəlməz qoxunun gəlməsinin səbəbini açıqladı: "Təbii dəridən olan ayaqqabı geyinən şəxsin ayağından heç vaxt xoşagəlməz qoxu gələ bilməz. Süni dəridən, el arasında dermantin adlanan materialdan hazırlanan ayaqqabını geyinən şəxsin ayağı tərləyir və nəticə xoşagəlməz iy gəlir. Ona görə də insanlara tövsiyə edirəm ki, az alsınlar, amma dəri materialından olan ayaqqabı alsınlar".
"Bəs təbii dəri ilə süni dərini necə ayıraq?" sualına pinəçinin cavabı belə oldu: "Onu hər adam ayıra bilməz. Mən pinəçiyəm, baxan kimi ayırıram. Amma digərləri ayıra bilmir. O qalır satıcının insafına. Satıcı vicdanlıdırsa, dəri adı ilə dermantin satmayacaq. Satıcılar bəzən mənim ailə üzvlərimi də aldadırlar, sonra biləndə ki, mən çəkməçiyəm, mübahisə etmirlər. Təbii dəridən olan ayaqqabını təmir etmək daha asan olur".