İQTİSADİYYAT

Rusiya-Azərbaycan sərhədində yük maşınlarının hərəkəti üçün daha bir zolaq açılıb

"Yaraq-Kazmalyar" keçid məntəqəsi Azərbaycan, Türkiyə və İrandan Rusiyaya meyvə və tərəvəzin istehlakçıya vaxtında çatdırılmasında mühüm rol oynayır.
Sputnik
BAKI, 6 aprel — Sputnik. "Yaraq-Kazmalyar" sərhəd-keçid məntəqəsində daha bir hərəkət zolağı istifadəyə verilib.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiya-Azərbaycan sərhədindəki "Yaraq-Kazmalyar" keçid məntəqəsində yük maşınlarının hərəkəti üçün daha bir zolaq açılıb. Bu barədə Rusiyanın Şimali Qafqaz Gömrük İdarəsi məlumat yayıb.
Daha bir hərəkət zolağının istifadəyə verilməsi məntəqənin buraxılış imkanlarını gündə 100 yük maşını həcmində artıracaq, gözləmə vaxtını xeyli azaldacaq. Hazırda məntəqədən hər iki istiqamətdə gündə 500-550 yük maşını keçir.
Gömrük idarəsindən bildiriblər ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi və Avropa istiqamətində nəqliyyat yollarının bağlanması şəraitində "Yaraq-Kazmalyar" Rusiya-Azərbaycan sərhədinin ən çox yüklənmiş hissəsidir. Azərbaycan, Türkiyə və İrandan Rusiyaya malların, ilk növbədə, meyvə və tərəvəzin istehlakçıya vaxtında çatdırılması bu məntəqənin işindən asılıdır.
Xatırladaq ki, mart ayında Azərbaycan və Rusiya xarici iqtisadi fəaliyyətin qanuna tabe olan iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizinin təşkili üzrə pilot layihə olan "Yaşıl dəhliz" təqdim edilib.
"Yaşıl dəhliz"i malların Rusiya və Azərbaycana maneəsiz və sürətləndirilmiş daşınmasını təmin etmək məqsədilə avtomatik olaraq gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və asanlaşdırılması üçün tətbiq edəcəklər.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qeyd edib ki, "Yaşıl dəhliz" layihəsinin tezliklə işə salınması "Xanoba" (Azərbaycan) və "Yaraq-Kazmalyar" (Rusiya) avtomobil keçid məntəqələrinin yenidən qurulması və genişləndirilməsi üzrə işlərin vaxtından əvvəl başa çatdırılması ilə birlikdə Rusiya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin müsbət dinamikasını təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Rusiyada şəkər və qarabaşaq kifayət qədərdir - Abramçenko