MƏDƏNİYYƏT

Ölkəmizdə "Run for Art" beynəlxalq fotosərgisi keçirilir - FOTO

"Run for Art" beynəlxalq foto müsabiqəsində 18-35 yaş arası, dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub
Sputnik
BAKI, 5 aprel — Sputnik. Bu gün Beynəlxalq Muğam Mərkəzində "Run for Art" beynəlxalq fotomüsabiqəsinin finalçılarının sərgisinin açılış mərasimi baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov və İtaliya MOK-un vitse-prezidenti, "Culio Onesti" Fondunun İdarə Heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu Klaudia Cordani iştirak ediblər.
Müsabiqə 18-35 yaş arası, dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə fərqli mövzu təklif edilir: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inklüzivlik kimi mövzular idman və foto kimi universal vasitələrin köməyi ilə araşdırılır.
Müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər biri, ümumilikdə, 40 fotoşəkil üçün idman yarışında olduğu kimi, 8 finalçı seçilir. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən seçilir. Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev "Run for Art" beynəlxalq fotomüsabiqəsinin münsiflər heyətinin üzvüdür.
"Run for Art" beynəlxalq fotomüsabiqəsində beyzbol və softbol kateqoriyasında Tetsu Çi-Çinqli (Tayvan), karate kateqoriyasında Gökhan Taner (Türkiyə), skeytbordinq kateqoriyasında Maks Danlap (ABŞ), qayalara dırmanma kateqoriyasında Culia Kasu (Fransa), sörfinq kateqoriyasında isə Ris Beyts (Avstraliya) birinci yerə layiq görülüblər. Nəriman Babayev (Azərbaycan) "Gənc karateçilərin yarışının açılışında nümayiş etdirdikləri fənd hərəkətləri" fotoşəkli isə üçüncü yeri tutub. Həvəskar fotoqraf Bayram Musayev (Azərbaycan) isə skeytbordinq kateqoriyasının finalçılarından biridir.
Açılış mərasimində iştirak edən Gökhan Taner, Culia Kasu, Nəriman Babayev və Bayram Musayev mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam edib. "Run for Art" beynəlxalq fotosərgisi aprelin 16-dək davam edəcək.
Qeyd edək ki, beynəlxalq müsabiqə Milli Olimpiya Komitəsi, Mədəniyyət Nazirliyi və İtaliya Milli Olimpiya Akademiyasının "Culio Onesti" Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Run For Art" gənc fotoqraflar üçün "Culio Onesti" Fondu tərəfindən hazırlanıb. Müsabiqənin məqsədi bədii forma olan fotonun yaradıcı enerjisini və idmanın əzmini, yəni incəsənət və idmanı birləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.