TƏHLİL

Konsensus olmasa idi, tərəflər bir araya gəlməzdi - Politoloq

Ekspert Brüssel görüşünü sülh danışıqları prosesində növbəti mərhələ adlandırır və hesab edir ki, bundan sonra daha bir neçə görüş keçiriləcək.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Sputnik Azərbaycan Brüssel görüşü öncəsi vəziyyət və bu görüşdən gözləntilərlə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) sədrinin müavini, politoloq Nazim Cəfərsoyun fikirlərini öyrənib.
Politoloq bildirib ki, Brüssel görüşü Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda davam edən normallaşma prosesinin məntiqi davamıdır. Onun sözlərinə görə, Avropa İttifaqı uzun zamandır bu prosesdə yer almaq üçün çalışırdı:
"Bu görüş də Avropanın proseslərdə yer almaq cəhdidir. Biz Brüssel görüşünə qədər də iki ölkə rəsmiləri arasında müxtəlif səviyyələrdə və platformalarda görüşlərin keçirildiyini bilirik. Uzun müddət davam edən təmaslar həm Avropa, həm Rusiyanın vasitəçiliyi ilə, həm də birbaşa olaraq həyata keçirilib".
Politoloq Azərbaycan tərəfinin Antalyada keçirilən Diplomatiya Forumunda Azərbaycan XİN rəhbərinin Ermənistana beş maddəlik sülh təklifi paketi təqdim edilməsi ilə bağlı açıqlamasına diqqət çəkib:
"Maraqlısı həm də Ermənistandan bu təkliflərə müsbət ritorikalı reaksiyaların gəlməsi idi. Ancaq bununla yanaşı Ermənistan tərəfi təkliflərə yeni gündəm maddələrinin əlavə edilməsini də istəyir. Ermənistan tərəfi düşünür ki, mövcud təkliflər münasibətlərin tamamını əhatə etmir. Diqqət çəkən məqam odur ki, erməni tərəfinin bu açıqlamalarına Azərbaycandan rəsmi olaraq münasibət bildirilmədi, həmçinin yalanlanmadı da".
Nazim Cəfərsoy qeyd edib ki, beş maddəlik müzakirə mövzuları gündəmə daşınacaq və görüşdə Ermənistan tərəfinin Qarabağla bağlı gündəmə gətirdiyi məsələlər də müzakirə edilə bilər:
"Bu görüşdə tərəflərin hansısa razılaşma imzalayacağını ehtimal etmirəm. Bu baxımdan görüşün sülh müzakirələrinin ilkin görüşü olacağını düşünürəm. İlk görüşlər kəşfiyyat xarakterlidir. Bununla belə, düşünürəm ki, müəyyən bir ortaq konsensus var. Zatən belə bir konsensus olmasaydı tərəflər bir araya gəlməzdi".
"Bu sülh müzakirəsi təkcə Azərbaycanla Ermənistan arasındakı münasibətlər sistemi deyil. Burada Aİ-nin təkbaşına vasitəçiliyi yetərli deyil. Mənim təxminim belədir ki, bu görüşdən sonra Moskvada da bir görüş olacaq. Artıq bununla bağlı da müəyyən işarələr verilib. Bu Rusiyanın proseslərdə oynadığı kritik rolla yaxından əlaqəlidir. Çünki Rusiya bölgədə gedən porseslərin nizamlanmasında aktiv şəkildə rol oynayır. Bununla belə görüşlərin Brüssel və Moskva ilə yekunlaşacağını da düşünmürəm. Bu baxımdan Ankarada üçlü formatda bir görüşün keçirilməsini də istisna etmirəm", – deyə politoloq qeyd edib.
O hesab edir ki, Brüssel görüşü Türkiyə-Ermənistan münasibətlərinin də normallaşmasının ön şərtidir:
"Türkiyə tərəfi bildirir ki, Azərbaycan-Ermənistan münasibətləri normallaşacağı təqdirdə bu ölkənin də Ermənistanla münasibətləri normallaşdıracaq. O baxımdan bu gün keçiriləcək Brüssel görüşünü sülh danışıqları prosesində növbəti mərhələ adlandırardım. Bundan sonra da bir neçə görüş keçiriləcək. Həmin görüşlər Qafqazda maraqları olan müxtəlif aktorların rolu nəzərə alınaraq təşkil olunacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
ABŞ-ın Dövlət Katibi İlham Əliyevə zəng edib