BAKI, 6 aprel — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Ferrero" şirkətinin məlumatına dair açıqlama yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, açıqlamada deyilir ki, Böyük Britaniyanın Qida Standartları və İrlandiyanın Qida Təhlükəsizliyi agentliklərinin yaydıqları rəsmi məlumatlara əsasən, İtaliyanın "Ferrero" şirkəti Belçikada yerləşən müəssisəsində istehsal olunan, son istifadə müddəti məhsulun çeşidinə uyğun olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il tarixləri olan aşağıdakı cədvəldə qeyd edilən məhsullarında salmonella olması ehtimalını nəzərə alaraq, həmin məhsul partiyalarının əsas satış ölkələri olan İngiltərə, İrlandiya, Almaniya, İsveç, Fransadan geri çağırılmasına dair qərar qəbul edib.
Məhsul - Qablaşdırmanın ölçüsü - İstifadə müddəti
Kinder Mini Eggs 75 qr, son istifadə müddəti 20 aprel 2022-ci il - 21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Egg Hunt Kit 150 qr, son istifadə müddəti 20 aprel 2022-ci il - 21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Surprise 100 qr, son istifadə müddəti 20 aprel 2022-ci il - 21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Schokobons 200 qr, son istifadə müddəti 20 aprel 2022-ci il - 21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Surprise 20 qr, son istifadə müddəti 11 iyul 2022-ci il - 7 oktyabr 2022-ci il tarixlərində bitən
Kinder Surprise 20 qr *3, son istifadə müddəti 11 iyul 2022-ci il və 7 oktyabr 2022-ci il tarixlərində bitən
Şirkətin rəsmi açıqlamasında sınaq yoxlamaları zamanı həmin məhsullarda salmonella aşkarlanmadığı bildirilsə də, ehtiyat tədbiri olaraq araşdırmalar bitənədək bu qənaətə gəlindiyi vurğulanır. Eyni zamanda, Böyük Britaniya və İrlandiyada uşaqlar arasında salmonella mənşəli zəhərlənmələrə rast gəlindiyi əsas götürülərək, qeyd edilən məhsul partiyalarında salmonella ilə bağlı xüsusi araşdırmalara başlanılıb.
Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, ölkəmizə idxal olunan bütün növ qida məhsulları, o cümlədən "Ferrero" şirkətinə məxsus məhsullar idxal olunduğu ölkədən asılı olmayaraq, risk əsaslı nəzarət tətbiq edilməklə müayinələrə cəlb olunur:
"Ölkəmizə müxtəlif ölkələrdən "Ferrero" şirkətinə məxsus qeyd edilən məhsullar idxal edilmiş və agentlik tərəfindən digər göstəricilərlə yanaşı, salmonellaya görə müayinələrə cəlb edilmiş və salmonella törədicisi aşkarlanmamışdır. Eyni zamanda, 2022-ci ildə agentliyə uşaqlar arasında salmonella mənşəli qida zəhərlənməsi ilə bağlı bildiriş daxil olmayıb.
Hazırda araşdırmalar davam etdirilir və araşdırmaların nəticələri əsasında ictimaiyyətə əlavə məlumat veriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.