TƏHLİL

Ekspert: "Ankara yeni dünya düzənində öz yerini tutmaq istəyir"

Fərhad İbrahimov deyir ki, NATO-ya üzvlüyünə baxmayaraq Ankara Ukrayna məsələsində özünü yetərincə diqqətli aparır və beləliklə neytrallığı qoruyur.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Ərdoğan Rusiya və Ukrayna arasında sülhə istiqamətlənmiş ardıcıl, ölçülüb-biçilmiş və neytral siyasət yürüdür. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri ekspert Fərhad İbrahimov @SputnikAz-a Türkiyə Prezidenti Ərdoğanın Ukrayna böhranının çözülməsində rolu haqqında danışarkən deyib.
O bildirib ki, NATO-ya üzvlüyünə baxmayaraq Ankara Ukrayna məsələsində özünü yetərincə diqqətli aparır və beləliklə neytrallığı qoruyur.
Ekspertin fikrincə, Vaşinqtonda isə Türkiyədən tamam ayrı şey gözləyirdilər: "Ərdoğanın neytrallığı Qərbin yaratdığı gərginliyi azaltmaq məqsədi ilə diqtə olunub. Bundan başqa, Türkiyə həm Moskva, həm Kiyevlə praqmatik və yaxşı münasibətləri qoruyub saxlamaq istəyir".
İbrahimov hesab edir ki, müstəqil siyasəti ilə Ankara, həmçinin formalaşan yeni dünya düzənində öz yerini tutmaq istəyir: "Bir sözlə, Türkiyə nəyinki müstəqil siyasət aparan, hətta bölgədə idarəedici bir qüvvə olduğunu göstərir".
Xatırladaq ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Ərdoğan Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrinə əsasən, sülhün bərqərar edilməsi istiqamətində həyata keçirilən prosesə mənalı təkan verdiyini bildirib.
İstanbul danışıqlarından sonra gərginliyi azaltmaq üçün bəzi işarələr verməyi vacib hesab etdiyini deyən Prezident Ərdoğan Ukrayna və Rusiya liderlərini bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək təklifini təkrarlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.