BAKI, 5 aprel — Sputnik. Prezident İlham Əliyev "Tarif (qiymət) Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 26 dekabr 2005-ci il tarixli fərmanını ləğv edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Şuranın icra hakimiyyəti orqanı kimi statusu ləğv edilib, onun ictimai əsaslarla fəaliyyət göstərən katibliyi yaradılıb. Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq.
Xatırladaq ki, "Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tarif Şurası haqqında Əsasnamə təsdiq edilmiş və Tarif Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin, xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilib.
Əsasnaməyə görə, bütün hallarda qiymətlərin tənzimlənməsi ilə bağlı qəbul edilən qərarlar, hazırlanan normativ hüquqi sənədlər, qiymətlərin tətbiqi ilə bağlı mübahisə və ziddiyyətlərin həlli və istiqamətləndirilməsi üzrə işlər Şuranın birbaşa və dolayısı iştirakı və vasitəsi ilə həyata keçirilir. Şura həm də qiymətlərin tənzimlənməsi üzrə beynəlxalq və regional əməkdaşlığın həyata keçirilməsində iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.