BAKI, 5 aprel — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" qəbul edilib.
Sputnik Azərbaycan xəbər verir ki, müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul edilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən 2021-ci ildə xarici dövlətlərin ədliyyə nazirlərinə, prokurorlarına və hakimlərinə, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin və Avropa Şurasının rəsmilərinə, Beynəlxalq Antikorrupsiya Orqanlari Assosiasiyasina, Dünya Bankına və digər qurumlara 70-dən çox məktub göndərilib.
Nazir müavini bildirib ki, postmünaqişə dövründə həyata keçirilən ardıcıl tədbirlərdə Azərbaycan bələdiyyələri də yaxından iştirak edib və Vətən uğrunda canlarından keçən şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına qayğı göstərilməsi, problemlərinin həlli diqqətdə saxlanılıb.
O qeyd edib ki, 2021-ci ildə uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə ötən il təxminən 3,5 milyon çox vəsait daxil olub.
V.Zahirov diqqətə çatdırıb ki, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə bu artım 2,5 milyon manat təşkil edib.
Nazir müavini qeyd edib ki, bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi halları 4 dəfə artıb. Sosial mediada fəallığın artırılması məqsədilə 57 rayon üzrə bələdiyyə sədrlərinin əlaqələndirmə şuralarının feysbuk səhifəsi yaradılıb.
Məruzədə bildirilib ki, 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. 3.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9.100 hektar torpaq sahəsi geri qaytarılıb.
Pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
Onun sözlərinə görə, ötən il ərzində ümumilikdə 256 maarifləndirici tədbir təşkil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.